ABŞ-da işləyən tanınmış azərbaycanlı cərrah...

ABŞ-də cərrah işləyən, ABŞ və Böyük Britaniya kimi dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ olan azərbaycanlı Rauf Şahbazov. ABŞ-nin Nyu-York ştatında transplantasiya üzrə cərrah, çalışdığı transplant mərkəzində canlı böyrək, mədəaltı vəz və robot cərrahiyyəsi proqramlarının direktoru, Amerika-Azərbaycan Tibb Assosiasiyasının təsisçisi və ilk prezidentidir. Qubadlı rayonunun Taroğlu kəndində anadan olmuş soydaşımız ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb, sonra cərrahlıq ixtisasına yiyələnib. Orta təhsilini qızıl medalla bitirdiyi üçün Tibb Universitetinə yalnız 1 imtahanla qəbul olub. Həkimlik karyerasına 5 saylı xəstəxanada başlayıb. Səudiyyə Ərəbistanında “Kral Feysəl” klinikasında cərrah kimi çalışıb. Şotlandiyada müvafiq imtahanlar verərək “MRCS” ümumi cərrah ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ verib. Ankarada Başkənd Universitetində, Kaliforniya universiteti klinikası, Klivlend və Beylor klinikalarında təcrübə keçib. 2011-ci ildə Amerika Cərrahlar Kollecinin beynəlxalq qrant layihəsində qalib gəlib.
2012-ci ildə Beylor Tibb Mərkəzi tərəfindən ABŞ-yə dəvət alıb. Nyu-Yorkda Tibb Universitetinin klinikasında transplantasiya üzrə cərrah olmaqla yanaşı, tələbə və rezidentlərə dərs deyir, elmi tədqiqat işləri ilə məşğul olur.