sehiyye.info

Azərbaycan Tibb Universitetinin tələbələri Budapeştdə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Tibb Universitetinin tələbələri Budapeştdə keçirilən beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Ədalət Gəncəliyev və hərbi tibb fakültəsinin IV kurs tələbəsi Varis Əsgərli Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Budapeştin Semmelveis Universitetinin Tələbə Elmi Cəmiyyəti Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq konfransda onların cərrahi xəstəliklər fənni üzrə professor Fariz Camalovun elmi rəhbərliyi altında təqdim etdikləri “Ezofaqeal divertikula” mövzusundakı elmi işi maraqla qarşılanıb.

Azərbaycanlı tələbələr çox nadir halda təsadüf edilən patoloji çatışmazlığın cərrahi üsulla aradan qaldırılması haqqında mövzuda geniş çıxış edib və mövzu ətrafında müxtəlif sualları cavablandırıblar.

Konfransda Almaniya, Macarıstan, Rusiya, Ukrayna və digər ölkələrdən dəvət olunmuş professorların mühazirələri dinlənilib, geniş diskussiyalar aparılıb, tələbələrə laparoskopik bacarıqlar əsasında təlim keçirilib. Təlimin sonunda keçirilən yarışda həmyerlilərimiz yüksək məharət göstərərək üçüncü yerə çıxıblar.

Konfransın bağlanış mərasimində tələbələr Semmelveis Universitetinin sertifikat və diplomları ilə təltif olunublar.



REKLAM