sehiyye.info

Beynəlxalq konfrans şəkərli diabet və onun ağırlaşmalarına həsr olunub

Beynəlxalq konfrans şəkərli diabet və onun ağırlaşmalarına həsr olunub
Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən diabetli xəstələrin sayı 2000-2017-ci illərdə 151 milyon nəfərdən 425 milyon nəfərə qədər artıb, 2045-ci ildə isə 628,6 milyon nəfərə çatması gözlənilir. Təkcə bu statistika şəkərli diabetin tibbi-sosial əhəmiyyətini bir daha sübut edir.

Ölkəmizdə şəkərli diabetə həsr olunmuş elmi araşdırmaların nəticələrinin həkimlərə çatdırılmasında aparıcı rol oynayan təşkilatlardan biri olan Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə “Şəkərli diabet və onun ağırlaşmaları” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədrı, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) terapiya kafedrasının müdiri vəzifəsini icra edən professor Valeh Mirzəzadə çıxış edib.

Münxen Diabet Tədqiqatları Qrupu və Diabet Tədqiqatları İnstitutunun professoru Ebenhard Standl “Yeni protokollara əsasən şəkərli diabetin idarə edilməsi” haqqında məruzə ilə çıxış edib.

Konfransın sonrakı bölməsində Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Cavid Əhmədbəyli “Diş əti xəstəlikləri və şəkərli diabet: vacib məqamlar” mövzusunda məruzəsində endokrinologiya mütəxəssislərinə parodontologiyanın aktual məsələləri, diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi, diş əti xəstəlikləri və şəkərli diabet arasında əhəmiyyətli əlaqə və həmin iki xroniki xəstəliyə qarşı aparılan mübarizə yolları barədə ətraflı məlumat verilib.

İspaniyanın Barselona şəhərindəki “Institut d'Investigacions Biomèdiques August Pi Sunyer (IDIBAPS)”də “Diabet və CVD” tədqiqat şöbəsinin rəhbəri, professor Antonio Ceriellonun “Metabolik sindrom və prediabetin idarə olunması” mövzusunda məruzəsi dinlənilib.



REKLAM