sehiyye.info

Farmakonəzarət dərman vasitələrinin təhlükəsizliyini və effektivliyini qiymətləndirir

Farmakonəzarət dərman vasitələrinin təhlükəsizliyini və effektivliyini qiymətləndirir
Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiq edilib. Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əhalinin daha təhlükəsiz və effektiv dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.
Sehiyye.info xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Emin Quliyev deyib: “Farmakonəzarət dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qeydiyyata alınması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir. Dərman vasitələrinin üç parametri var: təhlükəsizlik, effektivlik və onların keyfiyyəti. Farmakonəzarət həmin parametrlərdən ikisini - dərman vasitələrinin təhlükəsizliyini və effektivliyini qiymətləndirir”.

Şöbə müdiri onu da qeyd edib ki, qəbul olunmuş qayda mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktik müəssisələri, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə, həmçinin dövlət qeydiyyatına alınmış, nadir hallarda istifadə olunan və spesifik müalicə tələb edən, xüsusi xəstəliklərin müalicəsində istifadə olunan, yüksək risk qrupuna daxil olan, ümumiyyətlə ölkədə istifadə olunan dərman və invaziv tibb vasitələrinə şamil olunacaq.

Həmçinin qayda əlavə təsirlərin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, farmakoepidemioloji tədqiqatların aparılması, siqnalların aşkarlanması və bu sahə üzrə zəruri tədbirlərin görülməsi kimi bir çox proseslərə dair qanunvericiliyə əsaslanan icra mexanizmlərini tənzimləyəcəkdir.AZƏRTAC



REKLAM