sehiyye.info

Baş stomatoloq: Ölkəmizdə əhaliyə göstərilən stomatoloji xidmətlərin keyfiyyəti xeyli yüksəlib

Baş stomatoloq: Ölkəmizdə əhaliyə göstərilən stomatoloji xidmətlərin keyfiyyəti xeyli yüksəlib
Son dövrlər ölkənin hər sahəsində olduğu kimi, səhiyyədə, o cümlədən stomatoloji sahədə də nəzərəçarpacaq dərəcədə inkişaf və irəliləyiş hiss olunmaqdadır.

Sehiyye.info xəbər verir ki, Səhiyyə Nazirliyinin baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nazim Pənahov ortopedik stomatologiyanın tarixinə qısa nəzər salaraq deyib: “Ortopedik sahənin tarixi çox qədimdir, hətta eramızdan əvvəllərə qədər olan dövrə gedib çıxır. Belə ki, Qədim Misirdə aparılan qazıntılar zamanı qəbirlərdə ortopedik konstruksiyaların, yəni qızıl saplarla dişlərin bir-birlərinə bağlanmış vəziyyətdə tapılması həmin sahənin qədimliyindən xəbər verir. O dövrdə bu sahə ilə peşəkar mütəxəssislər deyil, bərbərlər, ustalar, dəmirçilər məşğul olub və material kimi fil sümüyündən istifadə ediblər. Xüsusi alətlərdən istifadə etməklə dişləri yonub, qızıl saplarla bir-birlərinə bağlayırmışlar. Əsaslı elm kimi ortopedik sahə ilk dəfə bir fransız alimi tərəfindən öyrənilib və o, “Uşaqlarda diş müalicəsi” traktatını yazıb. O, bu əsərdə indiki stomatologiyanın elmi əsasları üzərində işləməyə çalışıb. Bu sahə XIX əsrdə inkişaf etməyə başlayıb və XX əsrdə sürətlə təkmilləşib. İmplantologiyanın stomatologiyaya tətbiqi isə həmin prosesi daha da sürətləndirib. Əvvəllər pasiyentlər kariesli və ya bir balaca ağrıyan dişlərini çəkdirirdilərsə, hazırda mütəxəssislər ən ümidsiz dişlərin üzərində dayanır, müalicə etdirmək istəyirlər. Son həddə isə dişləri çəkdirib, yerinə implant qoydururlar”.
Baş stomatoloq: Ölkəmizdə əhaliyə göstərilən stomatoloji xidmətlərin keyfiyyəti xeyli yüksəlib
Baş stomatoloqun sözlərinə görə, hər kəs uşaqlıq və yeniyetməlik dövründən dişlərin sağlamlığına fikir verməli, həkimin nəzarətində olmalıdır ki, böyüyəndə dişləri ilə əlaqəli problemlərlə üzləşməsin. Belə ki, uşaqlıq və yeniyetməlik dövründə dişlərin ən çox itirilmə səbəbləri karies, onun ağırlaşmaları və düzgün aparılmayan müalicələrdir. 30-35 yaşdan sonra bunlara paradont xəstəliklər də qoşulur.

“Sevindirici haldır ki, təkcə Bakıda deyil, bölgələrdə də fəaliyyət göstərən stomatoloji klinikalarda Amerikada və Avropada hazırda istifadə olunan stomatoloji avadanlıqlar uğurla tətbiq olunur. Stomatoloji xidmətin keyfiyyətində xeyli irəliləyiş var. Dünyanın hər bir yerində olduğu kimi, ölkəmizdə də ağız boşluğunda müalicə mikroskopla və müxtəlif böyüdücülərlə aparılır. Həmçinin, lazer texnologiyasının tətbiqi, dişlər çəkilən kimi birbaşa implantların qoyulması, bilavasitə protezlərin hazırlanması, vinirlərlə dişlərə istənilən formanın verilməsi, dişlərin estetikası, funksiyasının tez bir zamanda bərpası və s. pasiyentin ürəyincə olan məsələlərdir. Bu uğurlar isə müasir texnologiyanın ölkəmizə gətirilərək tətbiq edilməsi ilə mümkün olub.

Onu da qeyd edim ki, son dövrlər pasiyentlərin zövqü əvvəlki illərə nisbətən xeyli dəyişib. İmplantologiyaya maraq artıb. Çıxan protezlər artıq məhdudlaşıb və çıxmayan protezlərlə əvəz edilir. Estetik baxımdan müraciətlər çox olur. Əvvəllər qızıl dişlərin düzəldilməsi dəb idisə, belə hallar demək olar ki, aradan qaldırılıb. Dişlərin üzəri farfor təbəqələrlə örtülərək forması böyüdülür, dəyişdirilir, rənglənməsinə, estetikasına fikir verilir. Dişin ağardılmasını istəyənlərin sayı da xeyli çoxalıb. Bundan başqa, ortodontoloji problemlərlə, müxtəlif diş əyriliyi və anomaliyaları ilə bağlı da müraciət edənlər olur”, - deyə N.Pənahov ölkəmizdəki stomatoloji xidmətlər haqqında məlumat verərkən diqqətə çatdırıb.

Professor dişlərdəki müxtəlif anomaliyaların və əyriliyin səbəblərindən də danışıb. O bildirib ki, bu kimi halların təzahür etməsini ekoloji vəziyyət, qidalanma, vitamin çatışmazlığı, müxtəlif dərmanların təsiri, ana südündən erkənayrılma və s. ilə izah edirlər. Hər 3 uşaqdan 2-də üz-çənə anomaliyası bu və digər formada təzahür edir. Uşaqlar ana südündən erkən ayrıldıqda əmziklərlə qidanı rahatlıqla qəbul edirlər. Üz-çənə əzələlərinə ağırlıq düşmədiyi üçün diş-çənə sistemində düzgün inkişaf baş vermir. Əzələlərin bərkiməsi üçün aşağısı 2 il ana südü ilə qidalanmalı və dişlər çıxandan sonra alma, heyvanı bıçaqla kəsmədən, dişləməklə yemək məsləhət görülür. Belə olduqda dişlər laxlamayacaq, daha da möhkəmlənəcək.



REKLAM