sehiyye.info

Müayinə zamanı 61 yaşlı qadında nadir ürək sindromu aşkarlanıb

Müayinə zamanı 61 yaşlı qadında nadir ürək sindromu aşkarlanıb
Təcili tibbi yardım bölməsinə müraciət edən 61 yaşlı qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub. Xəstə şikayətlərinin kəskin başlandığını, onun heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəstənin klinikası və laborator müayinələrinin nəticələrini nəzərə alaraq, kəskin miokard infarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.

Angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda, xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər “ürək parçalanması”, “sınıq qəlb sindromu” adlanan xəstəlik aşkarlanıb.

Takotsubo sindromundan əziyyət çəkən xəstələrdə döş qəfəsində ağrılar və nəfəs darlığı ilə müşayiət olunan sarsıntı təkcə qorxu və kədər deyil, güclü sevinc hissinin yaşandığı anlarda da baş verə bilər. Kardiomiopatiyanın həmin növündə ürək mədəcəyinin zirvəsində şarabənzər genişlənmə müşahidə olunur, onun əmələ gəlməsində ən mühüm amil emosional və ya psixi stresdir.

Mərkəzin invaziv kardioloqu Şahin Xəlilov və həkim-kardioloqu Rauf Səmədovun vaxtında qoyduğu diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.



REKLAM