sehiyye.info

“Sakit infarktı” necə bilmək olar?

“Sakit infarktı” necə bilmək olar?
Sinədə kəskin ağrı, qan təzyiqinin kəskin yüksəlməsi, qəfil təngənəfəslik. Biz infarktın əlamətlərini təxminən bu cür təsəvvür edirik və çox vaxt da məhz belə olur.

Kəskin ürək tutmasından xəbər verən başqa əlamətlər də var - qolda və ya boyun ətrafında sancılı ağrı, başgicəllənmə, bol tər.

Bəs, ürək tutması aşkar əlamətlər olmadan, heç xəstənin özünün də hiss etmədiyi şəkildə baş verirsə?
Harvard Universitetinin araşdırması göstərib ki, bu hala həkimlərin təxmin etdiyindən xeyli çox rast gəlinir. Kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt (SMI - silent myocardial infarction) olaraq meydana gəlir və daha çox kişilərdə olur.

"SMİ əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar, buna görə də kişilər belə hallara çox vaxt ciddi yanaşmırlar" - Harvard Universitetin professoru Corc Platski belə deyir.

Məsələn, yorğunluğu və fiziki diskomfortu kişilər bir çox hallarda çox işləməklə, pis yatmaqla və hətta orqanizmin yaşla bağlı dəyişiklikləriylə izah edirlər. Boğazdakı və sinədəki zəif ağrını isə onlar mədə turşuluğunun və ya həzm probleminin əlaməti kimi qiymətləndirirlər.

Bundan başqa, çox vaxt ağrının məhz hansı nahiyədə olduğunu müəyyənləşdirmək də çətin olur. Məsələn, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal, sizdə infarkt şübhəsi yaradacaq, ancaq "sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissiylə də müşayət oluna bilir.

Həyəcanlı əlamətlər və narahatlıq üçün əsaslar:
Döş qəfəsinin ortasında bir neçə dəqiqə davam edən və ya tez keçən, amma təkrarlanan diskomfort (kiçik ölçüdə ağrı hissi);
Bədənin yuxarı hissəsində ümumi ağrı - məsələn, ya bir əldə, ya da hər iksində; kürək, qarın, boyun və alt çənə nahiyələrində xoşagəlməz hissiyyat;
Döş qəfəsindəki xoşagəlməz hissiyyatdan sonra yaranan təngənəfəslik;
Qəfil soyuq tər, başgicəllənmə və ürəkbulanma.
Professor Platski xəbərdar edir ki, "Bəzən həm SMI zamanı, həm də ondan sonra insan özünü son dərəcə normal hiss edir - bu, həyəcanlı siqnalların hiss edilməyəcəyi riskini artırır".

Harvard alimlərinə məxsus araşdırmanın Amerika Tibb Sssosiasiyasının jurnalında dərc edilmiş nəticələri məhz buna görə həyəcan doğurur.//BBC



REKLAM