sehiyye.info

Uşaqlarda bu xəstəliyə diaqnoz qoymaq çətindir - Nazirlik

Uşaqlarda bu xəstəliyə diaqnoz qoymaq çətindir - Nazirlik
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir və ondan 300 milyon nəfərdən çox əziyyət çəkən var. Bununla belə hər onillikdə onların sayı bir yarım dəfə artır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, astma istənilən yaşda yarana bilər:

"Uşaqlar bu xəstəliyə daha çox meyillidirlər. Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Üstəlik 2 yaşına qədər olan uşaqlar arasında digər xəstəliklər altında gizləndiyinə görə diaqnoz qoymaq çətin olur".

Qeyd edək ki, Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı günü keçirilir. Həmin tədbir ilk dəfə 1998-ci ildə keçirilib və Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub. İldən-ilə həmin ölkələrin sayı artır.

Məqsədi ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır.

Yunan dilindən tərcümədə astma – "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib.

Bu gün astma dedikdə, müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə – çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.



REKLAM