Zəlinin fəsadları — Qan təzyiqinin aşağı düşməsi, hərarətin artması..
Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə bu üsula müraciət edirlər. Əksər insanlar xəstəliyin müalicəsində təbii üsullara üstünlük verirlər. Bu üsullardan biri də zəli terapiyasıdır. Zəli terapiyasının faydaları və fəsadları hansılardır?
Sehiyye.info bildirir ki, bununla bağlı təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd redaktor.az-a açıqlamasında qeyd edib ki, zəli mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır:
"Zəli terapiyasında mütləq şəkildə tibbi zəlidən istifadə olunmalıdır. Bu zəlilərin təsiri daha güclüdür. Zəlinin düzgün seçilməməsi bir sıra fəsadlara yol aça bilər. Hətta qanaxma dayanmasa, insanın ölümünə səbəb olar. Zəlinin bədənə qoyulması üçün müvafiq nöqtələr var. Zəli bədənə öyrəşənə qədər bu nöqtələrə düzgün şəkildə qoyulmalıdır. Əks halda qaşınma, qanaxma, qızdırmanın olması və s. kimi ciddi ağırlaşmalar yaranır".
Apteklərdəki zəli satışına da toxunan Seyfəddin Əsəd bildirib ki, zəlini almadan öncə fabrikdə yetişdirilib-yetişdirilmədiyini öyrənmək lazımdır:
"Təəssüf ki, bu gün xeyli adamlar zəliləri sudan tutub aparırlar. Mənə nə qədər zənglər gəlir ki, zəli alıb qoydurub və ciddi narahatlıqları var. Zəli qoyduranda fabrikdə yetişdirilən zəliyə üstünlük verilməlidir. Fabrikdə yetişdirilən zəli heç vaxt ağırlaşma vermir".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Redaktor.az-a açıqlamasında bildirib ki, zəli terapiyasının bir çox xəstəliklərin sağalmasında müsbət təsirə malikdir:
Zəli bədənə 105-ə qədər ferment ifraz edir. Zəlidəki apiraza fermenti bədəndə olan iltihabı prosesləri tənzimləyir. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür. Həmçinin, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır".
Professora görə, zəli terapiyasında müəyyən məhdudiyyətlər var və bu üsul hamıya tətbiq oluna bilməz:
"Hamilə qadınlara, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Qan azlığı və qan laxtalanması problemi olan xəstələrin də bu üsuldan istifadə etməsi düzgün deyil. Zəlinin qoyulduğu nahiyyədən qan axdığına görə qan azlığı olan insanlar bunu nəzərə almalıdır. Eyni zamanda, 14 yaşa qədər olan uşaqlara zəli qoyulması məqsədəuyğun hesab olunmur. Digər şəxslərin zəli ilə müalicə almasında problem yoxdur".
Ev şəraitində zəli qoyulması ilə bağlı Adil Qeybulla qeyd edib ki, zəli düzgün qoyulmadıqda ağır fəsadları ola bilər:
"Doğru qaydalar şərtiylə ev şəraitində zəli qoymaq olar. Zəli damarın üstünə qoyulmamalıdır. Çünki bu, güclü qanaxmaya səbəb ola bilər. Zəli qoyulan yer öncədən yaxşı sıxılmalıdır ki, sonradan qanaxma yaranmasın. Zəli düzgün qoyulmayanda limfa vəzilərinin həddindən artıq böyüməsi və dəri altına qan sızma ola bilər. Zəlinin fəsadlarına allergik hal, qanın durulması, qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, səpgilər və s. əlamətləri misal çəkmək olar".