sehiyye.info

Çimərliklərdə rast gəlinən ilanlar zəhərlidir? - RƏSMİ AÇIQLAMA

Çimərliklərdə rast gəlinən ilanlar zəhərlidir? - RƏSMİ AÇIQLAMAm]
"Çimərliklərdə rast gəlinən ilanlar zəhərli deyil".

Bunu açılamasında AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov deyib.



O bildirib ki, çimərliklərdə su ilanları ilə qarşılaşmaq qaçılmaz haldır:

"Çünki suda yaşayan su ilanları qışlamaq, yumurta qoymaq , bəzi gəmiricilərlə qidalanmaq üçün quru ərazilərə gəlirlər. Əsas qidaları suda olduğu üçün su hövzələrinə baş çəkirlər. Yay aylarında ilanların fəallığı daha yüksək olur. Həmçinin çimərlik, göl və dəniz sahillərinə gedən insanların sayı da artır. Əslində su ilanlarının sayı artmayıb, sahil ərazilərdə fəallıq artdığı üçün bu sürünənlərə daha çox təsadüf edilir".

Təvəkkül İskəndərov deyib ki, su ilanları dənizin daşlı-qayalı sahillərində, göl və gölməçələrin qamışlı sahillərində daha çox məskunlaşırlar:

"Onlar nə qədər çox olsa da insan üçün heç bir təhlükə yaratmır. Çünki onlar zəhərli deyil, zəhərli sancma etmirlər”.

Alim əlavə edib ki, Xəzər dənizindəki Bakı və Abşeron arxipelaqı adalarında su ilanları kütləvi şəkildə məskunlaşıb. Orada insan faktoru olmadığı üçün bu ərazilərdə ilanları sürü halında da müşahidə etmək olar:

Bir müddət əvvəl Bakıda universitetlərdən birinin həyətində ilan görülməsi faktına da toxunan alim qeyd edib ki, kol-koslu, sakit, insanların az olduğu yerlərdə ilanlar daha çox məskunlaşır:

"Lakin bu cür ərazilərdə yaşayan ilanlar bəzən qidalanma ilə bağlı və ya sərinlik axtarmaq, yumurta qoymaq üçün ona bitişik təsərrüfat ərazisinə, həyətlərə də daxil ola bilərlər. Lakin universitet ərazisi kimi yerlərdə insan faktoru çox olduğu üçün adətən ilanlar bu cür ərazilərdə müşahidə edilmir. Ümumilikdə Azərbaycanda 28 növ ilan yayılıb ki, bunlardan yalnız 6-sı zəhərlidir. Zəhərli ilanlardan da ölkəmizdə ən çox rast gəlinəni gürzədir. Digər zəhərli ilanlar isə xırda ilanlardır və çox məhdud ərazilərdə yayılıb. Lakin gürzə Abşeronda, Aran zonasında, Qobustanda geniş yayılmış ilan növüdür”. (apa)



REKLAM