sehiyye.info

Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin sədaqətli dostu və etibarlı silahdaşı idi

Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin sədaqətli dostu və etibarlı silahdaşı idi
Aprelin 29-da Bakı Dövlət Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş tədbir keçirilib.

Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru Elçin Babayev tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri olduğunu qeyd edib. O, həmçinin bildirib: "Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub".

Sonra akademikin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Nübar Haşımova görkəmli alimin oftalmologiya elminə verdiyi töhfələrdən danışıb. O, bildirib ki, Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifidir. Görkəmli alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var.

"Zərifə xanım Əliyeva geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, bütün elm adamları və tibb işçiləri üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirirdi. O, xəstələrə xüsusi qayğı ilə yanaşır, problemlərini dinləyir, həllinə kömək göstərirdi. Oftalmoloq-alim həmişə deyirdi ki, həkim xəstə ilə dost olmalıdır. Bu zaman onun etdiyi müalicə da uğurlu olacaq", - deyə N.Haşımova qeyd edib.



REKLAM