sehiyye.info

Pandemiya bitir, kovid peyvənd vurulması davam edəcəkmi? - Ekspertlərdən CAVAB

Pandemiya bitir, kovid peyvənd vurulması davam edəcəkmi? - Ekspertlərdən CAVAB
Səhiyyə naziri COVID-19-a qarşı isifadə olunan vaksinlərin mövsümi peyvənd kimi istifadə edilə biləcəyini deyib. Əlavə edib ki, pandemiyanın bitdiyini elan etmək üçün payızı gözləmək lazımdır.

Bəs bu qədər COVID-19 vaksininin aqibəti necə olacaq?
Məsələ ilə bağlı həkim-radioloq Aydın Əliyev Bakupost.az -a açıqlama verib.

Bildirib ki, Azərbaycanda pandemiya faktiki olaraq bitib:

“Bütün karantin qaydaları ləğv edilməlidir. Gündəlik yoluxma sayı 25-30 arası göstərilir. Amma əminliklə deyirəm ki, bu gün ölkəmizdə qrip, mədə-bağırsaq və digər infeksiyalara yoluxma daha çoxdur, nəinki COVID-19 virusuna. Hətta “COVID-19 pasportu” tələbi də ləğv edilməlidir. Obyektlərə daxil olub insanları cərimələmək lazım deyil. İnsanlar həyatını rahat yaşamalıdır. Düşünürəm ki, pandemiya ilə bağlı nə payız, nə qışda problem olacaq. Çünki virus artıq dəfələrlə mutatsiyaya uğrayıb və zəifləyib. Hətta yoluxma çoxalsa belə, heç bir sıxıntı olmayacaq və qripdən də yüngül keçəcək.

COVID-19-la bağlı vəziyyət payızda da günümüzdəki kimi davam edərsə, 4-cü dozaya ehtiyac olmayacaq”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev də pandemiyanın bitdiyini deyir:

“Pandemiyanın bitdiyi artıq məlumdur. Lakin payız aylarında yüngül qrip şəklində alovlanmalar olacaq. Yəni pandemiya, epidemiya səviyyəsində olmayacaq. Bunun üçün yalnız risk qrupuna daxil olan şəxslər, yaşlılar, yaxud da cavan insanlar könüllü şəkildə peyvənd oluna bilər. İnanmıram ki, payızda peyvəndlənmə məcburi şəkildə olsun. Düşünürəm ki, peyvəndlənmə payız-qış aylarında könüllü olacaq. Çünki artıq zəncir qırılıb”.



REKLAM