"Rusiya bioloji silahlarla vəba xəstəliyini yayacaq" - Kəşfiyyat
Rusiya Federasiyası Ukrayna ilə həmsərhəd bölgələrində vəba epidemiyası üçün intensiv hazırlıqlara başlayıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, bioloji silahdan istifadə ilə bağlı təxribatlar mümkündür.
Qeyd olunub ki, Rusiyanın baş dövlət sanitar həkimi Anna Popova “Vəba xəstəliyinin qarşısının alınması üzrə əlavə tədbirlər haqqında” fərman imzalayıb. Burada Ukrayna ilə həmsərhəd regionlara əlavə xüsusi diqqət yetirilir.
Həmçinin tibb müəssisələrinin epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə hazır olmasını təmin etmək və bunun üçün zəruri olan dərman vasitələrinin hesablamalarını hazırlamaq tapşırılıb.
“Yəqin ki, mayın sonu – iyunun əvvəlində Rusiya Federasiyası Ukrayna ilə həmsərhəd rayonlarda təxribatlara əl ata bilər. Ənənəvi olaraq, onlar Ukraynanı “bioloji silahdan istifadə etməkdə” ittiham edərək, bunun məsuliyyətini Ukraynanın üzərinə atmağa çalışacaqlar”, – Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.//unikal