sehiyye.info

İnfeksionist: “Omikron XE”nin Azərbaycanda peyda olması vaxt məsələsidir” - MÜSAHİBƏ

İnfeksionist: “Omikron XE”nin Azərbaycanda peyda olması vaxt məsələsidir” - MÜSAHİBƏ
Həkim-infeksionist Polina Əliyeva koronavirus pandemiyası ilə bağlı keçirilən beynəlxalq onlayn konfransda iştirak edib. Kolumbiyalı, avropalı və amerikalı həkimlərlə birlikdə onlar yeni “Omikron XE”nin yayılma risklərini müzakirə ediblər.

Sehiyye.info Azərbaycandakı epidemioloji vəziyyət və ölkəmizdə yeni ştammın yayılma riski barədə Polina Əliyeva ilə danışıb:

- Pandemiyanın başlanğıcından biz yoluxmuş insanların sayında dövri olaraq artım və azalma, koronavirusun yeni ştammlarının yaranması, onların insan orqanizminə təsirini müşahidə etmişik... Mutasiyalar davam edir və indi “Omikron XE”nin yeni rekombinantı - BA.1-BA.2. meydana çıxıb. Mütəxəssislərin fikrincə, o, əvvəlki yarımnövlərdən 10-12% daha yoluxucudur.

Bu gün mövcud olan məlumatlara görə, “Omikron” ştammının istənilən altnövü ilə xəstəliyin gedişatı və şiddəti bir-birindən fərqlənmir.

- Bəs peyvəndlərin koronavirusun əvvəlki ştammlarına əsaslandığını nəzərə alsaq, “Omikron”un yeni altnövlərinə qarşı onlar nə dərəcədə təsirli olacaq?

- Təəssüf ki, çox vaxt onlar “Omikron” ştammının yeni altnövlərinə qarşı təsirli olmur. Ancaq eyni zamanda bu peyvəndlər “Delta”, “Delta-plus” və s. kimi digər ştammlar tərəfindən törənən infeksiyadan qoruyur.

- Belə çıxır ki, yeni vaksinin yaradılmasına ehtiyac var?

- Bəli. Təəssüf ki, bu gün dünyada orqanizmi koronavirusun bütün ştammlarından qoruyacaq peyvənd yoxdur. İnaktivləşdirilmiş peyvənd “Omikron”a və onun altnövlərinə daimi immunitet vermir. Onun effektivliyi 10%-dən azdır.
İnfeksionist: “Omikron XE”nin Azərbaycanda peyda olması vaxt məsələsidir” - MÜSAHİBƏ
Vektor və RNT tərkibli vaksinlərə gəldikdə isə onların effektivliyi 25-30%-dən çox deyil. Eyni zamanda, onlar koronavirusun digər ştammlarından qoruyur. Məhz bu səbəbdən bu gün Çində çox sayda xəstə var. Bu, çox narahatlıq yaradır, ölkə hakimiyyəti bir çox şəhərlərdə total lokdaun elan edib. Və orada, bu gün artıq bildiyimiz kimi, virusun daha aqressiv gedişi müşahidə olunur.

Bundan əlavə, bu gün Avropada pandemiyanın alovlanması nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu, karantin məhdudiyyətlərinin aradan qaldırılmasının da nəticəsi ola bilər.

- Bəs “Omikron” ştammı və ya onun altnövünə yoluxduqda güclü immunitet yaranır?

- Əlbəttə.

- Bu günə qədər “Omikron XE” ölkəmizdə hələ müəyyən edilməyib. Bu, zaman məsələsidir?

- Bəli. Bütün əvvəlkilər kimi o da Azərbaycanda üzə çıxacaq. Üstəlik, dünyada epidemioloji vəziyyət son dərəcə qeyri-sabitdir. Vəziyyət Ukraynadakı müharibə ilə daha da ağırlaşır, insanların kütləvi miqrasiyası var ki, bu da virusun daha böyük mutasiyasına səbəb olur. Müvafiq olaraq, o daha sürətli yayılmağa başlayır, yeni ştammlar və altnövlər ortaya çıxır.

- Amma Azərbaycanda epidemioloji vəziyyət hələ sabitdir...

- Xoşbəxtlikdən, bir çox Azərbaycan vətəndaşında koronavirusa qarşı immunitet formalaşıb. Bir çoxları artıq “Omikron”u keçiriblər, bu ştamm və mövcud altnövlərə həssas olan anticisimlər inkişaf edib. Lakin onların yeni altnövlərə nə dərəcədə həssas olacağını proqnozlaşdırmaq çətindir. Ümid edirəm ki, onlar da orqanizmi infeksiyadan qoruyacaq.

Ancaq bir daha deyirəm, biz dünyada vəziyyətə nəzarət etməli və istənilən ssenariyə hazır olmalıyıq. Azərbaycanda yeni ocaqların olub-olmayacağını, xəstəliyin necə davam edəcəyini söyləmək çətindir... Ümumiyyətlə, yeni mutasiyaların başvermə ehtimalı xəstələrin sayından asılıdır - xəstələr nə qədər çox olarsa, yeni ştammların yaranma ehtimalı da bir o qədər çox olar. Nəyisə proqnozlaşdırmaq çətindir. Ancaq daha aqressiv ştammlar görünməsə, o zaman ölkəmizdə total lokdaun və karantin rejiminin sərtləşdirilməsi olmayacaq.//media.az



REKLAM