Qərbin Ərdoğana qarşı “Kavala kartı” – Diplomatik gərginlik nə vəd edir?

"Türkiyə Kavalanın azad olunmasını tələb edən ölkələrə lazımi cavabı verməsə, həmin ölkələr bundan cəsarətlənərək sabah həbsdə olan PKK rəhbərləri üçün də eyni tələbləri irəli sürə bilərlər”.
Arasdırma.info bildirir ki, bu sözləri Sfera.az-a politoloq, siyasi analitik Turab Rzayev ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kavalanın azad olunmasını tələb edən Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirlərinin "persona non-qrata" elan edilməsi barədə təlimat verməsini şərh edərkən deyib.
O, bildirib ki, Türkiyə hakim dairələrinin Kavala məsələsinə baxış bucağı ilə Avropa ölkələrinin baxış bucağı tamamilə fərqlidir:
"Məsələ ondadır ki, Türkiyə tərəfi, xüsusilə də AKP hakimiyyəti düşünür ki, Avropa ölkələrinin Kavalanın azad olunmasını tələb etməsi birbaşa bu ölkələrin Ankaranın daxili işlərinə qarışmasıdır. Türkiyə məhz buna görə məsələyə bu qədər kəskin etiraz edir. Digər tərəfdən, AKP düşünür ki, bu həm də Ərdoğanın hakimiyyətini zəiflətmək üçün düşünülmüş addımdır.
Məsələ ondadır ki, 2023-cü ilə qədər Türkiyədə hər hansı bir seçki keçirilməyəcək. Bu, hakimiyyətdə müəyyən narahatlıq yaradır. Hakimiyyət əleyhinə olan qüvvələr isə hər vəchlə çalışırlar ki, erkən seçkilər keçirilsin”.
Siyasi analitikin sözlərinə görə, Ərdoğan Sorosun dəsdəklədiyi liberal və sol qüvvələrin Türkiyədə gərginlik yaratmasından ehtiyat edir:
"Əslində Osman Kavala ilə Ankara bir dəfə ölkəmiqyaslı qarşıdurma yaşayıb. Xatırlayırsınızsa, Gezi parkında bir neçə ağacın kəsilməsi ilə başlayan kampaniya çox keçmədən sosial kampaniyaya çevrilmişdi. Gezi hadisələri olaraq tarixə düşən bu olaylar Türkiyəyə milyardlarla dollar zərər vurmuşdu. Ərdoğan indi bu proseslərin yenidən başlamasından ehtiyat edir və buna görə Qərbin ittihamlarına yerindəcə cavab verməyi düzgün hesab edir.”
Xatırladaq ki, Osman Kavala 2017-ci ilin noyabrın 1-də həbs olunub. İş adamı Gezi parkı hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin "Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur.