sehiyye.info

Artritin qarşısını almaq üçün... - Travmatoloq

Artritin qarşısını almaq üçün... - Travmatoloq
İltihab mənşəli, birləşdirici toxumanın xəstəliyi olan artritə daha çox gənclərdə və orta yaşlılarda rast gəlinir. Xəstəliyin səbəbi məlum deyil, profilaktikası yoxdur. Artrit zamanı orqanizm ayrı-ayrı toxuma və üzvlərdəki komponentləri qəbul etmir, xəstəlik inkişaf etdikcə immunitet aşağı düşür. Ona görə, artritə qarşı ən yaxşı tədbir immunitetin möhkəmləndirilməsidir.

Sehiyye.info xəbər verir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının həkimi, travmatoloq-ortoped Müseyib Əhmədov deyib.

Həkim-mütəxəssis bildirib ki, artrit son illər ən çox yayılmış oynaq xəstəliklərindən biri olub, oynaqda yaranan iltihabi prosesdir: "Bu proses nəticəsində oynaq şişir, xəstənin hərəkətləri məhdudlaşır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı və oynaq səthinin qızarmasıdır. Dünyada 10 milyonlarla xəstə artritin bu və ya digər növündən əziyyət çəkir. Artrit xəstəliyindən əziyyət çəkənlər hətta soyuqladıqda belə, immunitetləri aşağı düşür. Ona görə də artritin qarşısını almaq üçün sağlam həyat tərzi keçirmək məsləhətdir. Düzgün və sağlam qidalanma, iş rejiminin düzgün qurulması, yorğunluqdan və stresdən uzaq olmaq, siqaretdən və alkoqollu içkilərdən müntəzəm istifadə etməkdən imtina etməklə artritin qarşısını almaq mümkündür".

M.Əhmədovun dediyinə görə, hazırda artritin müalicəsində ambulator müayinədən istifadə edilir: "Artritdə müalicə nəticələrinin proqnozu müsbətdir. Texnika əsrində, demək olar ki, hər kəs oturaq həyat tərzinə öyrəşib. Bütün günü kompüter arxasında oturanlar da xəstəliyin yaranması təsadüfi deyil. Hərəkətsizlikdən qan dövranı pisləşir və bu, maddələr mübadiləsinin pozulmasına, bir sıra xəstəliklərin, o cümlədən artritin əmələ gəlməsinə səbəb olur. Ona görə də ofis şəraitində çalışanlar hər saatda bir dəfə kompüterin və ya yazı masasının arxasından qalxmalı, yüngül fiziki hərəkətlər etməlidirlər".

Həkim-travmatoloq qeyd edib ki, artrit xəstəliyinin yaranmaması üçün çəkini nəzarətdə saxlamaq lazımdır: "Artıq çəki təkcə artrit deyil, digər xəstəliklərin də yaranmasına yol aça bilər. Adətən yaz-payız aylarında iltihabi xəstəliklərin baş qaldırdığını nəzərə alaraq məsləhət görürəm ki, vətəndaşlar mövsümə uyğun geyinib özlərini soyuğa verməməli, sağlam həyat tərzi keçirməli və iltihabi xəstəliklərdən qorunmalıdırlar".//axar.az



REKLAM