sehiyye.info

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Qrip və koronavirusun oxşar əlamətləri çətinliyi artırır”

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Qrip və koronavirusun oxşar əlamətləri çətinliyi artırır”
Artıq payız fəslinin gəlişi mövsümi xəstəliklərin aktivləşməsinə səbəb olub. Bu isə insanları daha da qorxudur. Qripin mövsümü gəldikcə, burun tutulması, boğaz ağrıları və s. artır. Pandemiya şəraiti ilə əlaqədar insanlar payız və qış mövsümlərində necə qorunmalı olduqlarını bilmirlər.

Adi qripə yoluxmaqla, immun zəifliyi nəticəsində koronavirusa yoluxma riski yüksəkdirmi? Ümumiyyətlə bu mövsümdə nə etmək lazımdır ki, virusdan qoruna bilək?

Bu barədə Oxu.Az-ın suallarını kardioloq Tamilla Əliyeva cavablandırıb.

“COVID-19 dövründə qrip mövsümünə necə hazırlaşmalıyıq” sualını cavablandıran həkim kardioloq bildirib ki, bu payız və qış mövsümlərində qrip əvvəlki illərdə olduğu kimi yüngül keçməyəcək:

“İnsanların çoxu COVID-19-a qarşı peyvənd olunsa da, qripdən vaksinasiya olunmayıb. COVID-19 dövründə yaşadığımıza görə, hər iki infeksiyaya qarşı peyvənd olunmaq yaxşı olardı. COVID-19 xəstəliyi ilə bağlı bir sıra karantin qaydaları yüngülləşdiyindən, bu mövsümdə qripə yoluxma hallarının artacağı istisna edilmir. Yadda saxlamalıyıq ki, qrip də COVID-19 kimi təhlükəli xəstəlikdir. Qripdən peyvənd olunmayanlar ona ictimai yerlərdə, açıq havada yoluxa bilir. Belə ki, açıq havada maska taxılmaması, əllərin gigiyenasına əvvəlki kimi ciddi riayət edilməməsi, sosial məsafənin bəzi yerlərdə, xüsusilə ictimai nəqliyyatda saxlanılmaması qripin yayılmasına rəvac verəcək.

Ona görə də vaksinasiyanı davam etməyi, gigiyena qaydalarına riayət etməyi məsləhət görürəm: tibbi maska və spirtdən istifadə edin. İctimai yerlərdə ara məsafə gözləyin. Əgər hələ də COVID-19-a qarşı peyvənd olunmamısınızsa, bunu təxirə salmayın. Yadda saxlayın ki, həm qrip, həm də koronavirus eyni yolla yayılır, deməli, gigiyena qaydaları hər ikisində eynidir. Özünüzü koronavirusdan qoruduğunuz kimi, qripdən də qoruyun”.

Həkim bildirib ki, qriplə COVID-19 xəstəliyinin əlamətlərinin oxşarlığı vəziyyəti daha da mürəkkəbləşdirir:

“İnsanlar özləri bunu ayırd etməyi bacarmaya da bilər. Qızdırma, öskürək, tənəffüsün çətinləşməsi, əzələ ağrısı - bunların hamısı həm koronavirus, həm qrip zamanı müşahidə oluna bilər. Əgər siz xəstələnmisiniz və bunun hansı xəstəlik olduğunu hələ dəqiq bilmirsinizsə, mütləq həkimə müraciət edin. Həkim lazım gələrsə, sizi test verməyə yönəldəcək və xəstəliyi dəqiqləşdirəcək, müvafiq müalicə təyin edəcək. Hər iki xəstəlik təhlükəlidir və hər hansı əlamət hiss etdikdə evdə qalın, COVID-19 testi verin. Testin cavabı çıxmayana qədər evdə qalın ki, xəstəliyi başqalarına keçirməyəsiniz”.



REKLAM