sehiyye.info

Bakıda sərçələrin sayının azalmasının SƏBƏBİ AÇIQLANIB

Bakıda sərçələrin sayının azalmasının SƏBƏBİ AÇIQLANIB
AMEA-nın Zoologiya İnstitutu son aylarda insanların yaşadıqları ərazilərdə, o cümlədən şəhərlərdə, xüsusən də Bakı şəhərində dam sərçələrinin sayının azalması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnsititutun Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, dosent Əbülfəz Tağıyev NOCOMMENT-ə açıqlamasında Azərbaycanın təbii-coğrafi şəraitinin və quşların miqrasiya yolunun üzərində yerləşməsi onun ornitofaunasının zəngin olmasını təmin etdiyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb: “Ölkədə qeydə alınan 6 sərçə növündən dam sərçəsi ən çox insan məskulaşan yerlərdə – kəndlərdə, şəhərlərdə və s. rast gəlinir. İnsan yaşayışı olmayan yerləri dam sərçələri də tərk edirlər. Bakı şəhərində dam sərçəsinin sayı azalsa da, tez-tez rast gəlmək mümkündür. Onlar yay mövsümündə əsasən səhər və axşam saatlarında yaşıllığı çox olan, xüsusən kol tipli yaşıllıqlarda, tut, üzüm, əncir və s. olan yerlərdə kiçik qruplar halında görünür”.

Mütəxəssis vurğulayıb ki, sərçələrin sayının azalmasına yuvalama yerlərinin sıradan çıxması, qidasının kəskin azalması, şəhər mühitinin ab-havası, boz qarğanın bu quşların yumurtalarını, ətcə balalarını məhv etməsi, pişiklərin hücumuna məruz qalmaları və s. öz təsirini göstərir: “Bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu döyüntülərin sayı daha da artır. Bəzən iri şəhərlərdə yüksək desibelli kəskin səslər bu quşların qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır”.

“Şəhərlərdə son zamanlar evlərin dam örtüklərində metal konstruksiyalardan daha çox istifadə edilməsi yuvalama yerlərini məhdudlaşdırır”, – deyən Ə.Tağıyev əlavə edib ki, metal dam örtükləri istidən çox qızdığından bu quşların dəmir konstruksiyalı örtüklərin altında və üzərində yuva qurmağı çətin olur.

Mütəxəssisin sözlərinə görə, sərçələr şəhərlərdə ətraf mühitin dəyişməsinə həssas olduqlarından bioindiqator rolunu oynayırlar: “Təbiətin ayrılmaz tərkib hissəsi kimi onları qorumaq hər birimizin borcudur. Unutmayaq ki, Yer planetinin ömrü burada yaşayan növlərin biomüxtəlifliyindən çox asılıdır. Növlərin sayı azaldıqca Yer planetinin ömrü də ona müvafiq olaraq azalır. Sərçələri şəhərimizdə tez-tez görürəm. Narahatlığa elə ciddi əsas yoxdur”.



REKLAM