Çox ət yemək ziyanlıdır.
Düzgün qidalanma sağlam həyat tərzinin əsas tərkib hissəsidir. Alimlərin apardıqları araşdırma və təcrübələr də bunu söyləməyə əsas verir.
Sehiye.info Azərtaca istinadən bildirir ki, təcrübəli fizioterapevt, əməkdar həkim Hacıbala Bədəlli AZƏRTAC-ın müxbiri ilə bu mövzuda söhbət edərkən deyib: "Azərbaycanda ilin istənilən fəslində təzə göy-göyərti, meyvə-tərəvəz tapmaq mümkün olsa da, təəssüf ki, çox vaxt onunla qidalanmağa üstünlük vermirlər. Süfrəyə göy-göyərti, təzə salat gələndə onu kənara itələyib ətə, kababa əl uzatmaq heç də yaxşı adət deyil. Hər gün ət yeyən əslində öz ömrünü "yeyir".
Təəssüf ki, dəfələrlə deyilməsinə baxmayaraq, bizim qida rejimimizdə ət və ət xörəkləri aparıcı yer tutur. Soyuducuda ət qurtaran kimi dərhal qəssabxanaya, bazara üz tuturuq, qazanda ət olmayanda elə bilirik ki, qarnımız doymayacaq. Belə həyat tərzi və qidalanma orqanizmin çox ağır fəsadlara düşməsinə səbəb olur və ömür limitini azaldır. Unutmaq lazım deyil ki, insan ətyeyənlər fəsiləsinə aid deyil, onun ağız aparatı, qida mexanizmi, mədə və bağırsaq sistemi əti həzm etməkdə çox böyük çətinliklərlə üzləşir. Həkimlər heç kimin çox yeməyinin paxılı deyillər, onlar qida zamanı ətdən imtina etməyə çağıranda məhz bu məsələləri nəzərdə tuturlar"