Uşaqların şifahi nitq bacarıqları yoxlanılır
Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyaları fəaliyyətə başlayıb.
Sehiyye.info xəbər verir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə doqquz mərkəzdə fəaliyyət göstərir:
“Belə ki, 1 saylı mərkəz 3 nömrəli, 2 saylı mərkəz 12 nömrəli, 3 saylı mərkəz 168 nömrəli, 4 saylı mərkəz 139 nömrəli, 5 saylı mərkəz 72 nömrəli, 6 saylı mərkəz 189-190 nömrəli, 7 saylı mərkəz 95 nömrəli, 8 saylı mərkəz 117 nömrəli, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Müsahibə komissiyalarının tərkibi üç nəfər müəllimdən ibarətdir.
Komissiyaların fəaliyyətinə ümumi rəhbərlik mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, uşağın dinlədiyini anlaması, ünsiyyət qurması və öz fikrini sadə formada ifadə etməsi nəzərdə tutulur”.