sehiyye.info

Yayda bizi nə gözləyir? – TƏBİB-dən AÇIQLAMA

Yayda bizi nə gözləyir? – TƏBİB-dən AÇIQLAMA
Ölüm sayının son günlərdə artması bizi narahat edən məsələlərdir. Eyni zamanda vaxtında müraciət edənlərin sayı da az deyil. Yoluxanların vaxtında müraciət etməsi müalicənin düzgün başlanmasına və daha effektiv nəticə almağa imkan verir.

Bu sözləri publika.az-a açıqlamasında infeksionist TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.

İnfeksionist bildirib ki, ağırlaşan xəstələrin sayının artması evdə həkim nəzarəti olmadan edilən səhv müalicələrin nəticəsidir:

“Koronavirusa qarşı müalicə protokollarını hər kəsə eyni qaydada tətbiq etmək olmaz. Hər hansı tibb bacısının evdə kor-koranə apardığı müalicənin nəticəsi faktiki olaraq ölüm sayının artmasına səbəb olur”.

Həkimin sözlərinə görə, virus mənşəli infeksiyaların peyvəndlənməsində ilk 6 ay müddətində qoruyuculuğu daha çoxdur:

“Koronavirusa qarşı birinci doza “Sinovac” vaksini vurulubsa, ikinci dozada başqa bir vaksinin istifadə olunması düzgün deyil. Çünki onun orqanizmə təsiri mexanizmi, qoruyuculuğu və vahid bir sxemi var. Lakin bir ildən sonra əgər ehtiyac yaranarsa, başqa bir istehsalçının vaksinini vurdurmaq olar. Koronavirusa qarşı immunitet peyvənddən 21 gün sonra meydana gəlməyə başlayır. İkinci dozadan sonra titrlərin sayının artmasını görə bilərsiniz. İkinci dozanın vurulması vaksinin effektivliyini artırmağa xidmət edir. İkinci doza 28 gündən sonra vurulmalıdır. 28 gündən çox olarsa, bu, təbii ki, effektivliyə də təsir edəcək. “Sinovac” vaksini inaktivləşdirilmiş antitellərdir, onlar orqanizmə ona görə yerləşdirilir ki, xəstəliyə yoluxduğumuz zaman bədən onunla mübarizə aparsın, xəstəlik ağırlaşmasın.

Peyvənd vurdurmaq məcburi deyil, bu, könüllülük prinsipi üzrə aparılır. Lakin mütəxəssislər tərəfindən şiddətlə tövsiyə olunur. İnfeksiyanı yüngül keçirtmək üçün vaksin vurulması önəmlidir. Şəkər xəstələri risk qrupuna daxildir ki, odur ki, birinci növbədə onlar vaksin vurdurmalıdır.

Hər hansı xroniki xəstəliyi olan və bu dövrdə kəskinləşən, kimyaterapiya və immonoterapiya alan onkoloji xəstələri və hamilələri çıxmaq şərtilə hər kəs vaksin vurdura bilər. Qida və dərmanlara qarşı yüksək həssaslığı olan insanlara isə nəzarət altında və həkimin tövsiyəsindən sonra vaksin vurdurmaq olar.

Düşünürəm ki, qarşıdakı həftələrdə yoluxma sayında artım yenə müşahidə olunacaq, may ayına doğru azalma gözlənilir. Çünki vaksinasiya işləri sürətləndirilib. Artıq vaksin olunanların sayı 1 milyonu keçib. Bu rəqəm 4 milyonu keçdikdən sonra əhalinin 50 faizində kütləvi immunitet yaranacaq və yayılma riski aşağı düşəcək. Odur ki, 3-4 ay sonra rahat həyat şəraitinə qayıdacağımıza ümid edirik”.

Mütəxəssis yekunda onu da bildirib ki, oruc tutan insanların vaksindən sonra uzun müddət ac qalması doğru deyil:

“Dini baxımdan vaksin orucu pozmaya bilər. Lakin vaksinin iftardan sonra vurulması daha məqsədəuyğundur”.



REKLAM