sehiyye.info

Qanaxma zamanı yardım necə edilməli və tibbi yardım çantasında nə olmalıdır?

Qanaxma zamanı yardım necə edilməli və tibbi yardım çantasında nə olmalıdır?
Həyat o qədər sürprizlərlə doludur ki, harada, nə zaman başımıza nə gələcəyi məlum deyil. Evdə, işdə, yol gedərkən belə qəzaya uğraya və ya kiminsə başına bir hadisənin gəldiyinin şahidi ola bilərik. Bu zaman həyat xilas etmək imkanımız ola bilər. Necə? İlk tibbi yardım qaydalarını bilməklə... Gəlin, bu qaydalar, eyni zamanda ilk tibbi yardım çantasında olması ən vacib vasitələrdən danışaq. İlk tibbi yardım - hər hansı bir qəza və ya həyati təhlükə yaradan vəziyyətdə yaralıların xəstəxanaya çatdırılmasına qədər və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində mövcud vasitələrlə edilən dərmansız müalicə növüdür. Hər hansı zədə (sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək, sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti var. Təəssüf ki, əksər insanlar yüngül məişət qəzalarında belə həkiməqədər ilk yardımın düzgün edilməsindən xəbərsizdirlər. İlk yardımı hadisə yerində göstərməklə ağır fəsadların qarşısını almaq olar. Bu zaman yaralılara və ya zərərçəkənlərə müdaxilə təcili, təmkinli və şüurlu bir şəkildə edilməlidir. Alınmış travmanın növündən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.) vacibdir. Qanaxma dayandırılmadıqda orqanizmdə qan kütləsi kəskin şəkildə azalmağa başlayır və bu da ürək fəaliyyətinin pisləşməsinə səbəb olur. Bu zaman bütün həyati vacib orqanlar oksigen çatışmazlığından zərər çəkməyə başlayır. Bu hal huşun itirilməsi kimi hadisələrə də səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki, üç cür qanaxma olur: kapillyar, venoz və arterial qanaxmalar. Kapillyar qanaxma zamanı yaranın üzərinə adi sarğı qoyduqda qanaxma dayanır. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Ən təhlükəli qanaxma isə arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkən bir neçə dəqiqə ərzində çoxlu qan itirir. Belə olan halda turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə, zədə nahiyəsindən yuxarıda iri magistral damarları sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Eyni zamanda turnanın (və ya əl altında olan hər hansı vasitənin) qoyulduğu vaxtı qeyd etməkdə də fayda var. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəlik sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda, qanqren baş verə bilər. Əl altında heç nə olmadıqda isə damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, jqut yanlız güclü qanaxma zamanı qoyulmalıdır. Əks halda, düzgün qoyulmayan jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər.
İlk yardım zamanı qanaxmanın qarşısını almaq üçün atılan addımlardan ən vacibi isə bintləmədir. Bintləmə doğru edilmədikdə qanqren hallarına gətirib çıxara bilir. Buna görə də, bu qaydaları düzgün bilmək və yerinə yetirmək lazımdır. Bintləmənin qaydaları aşağıdakı kimidir: Bint yaranın üzərinə çox sıx bağlanmamalıdır. Bu, qanqrenə səbəb olur;
- Prosesi yerinə yetirərkən xəstəyə mümkün qədər rahat vəziyyət yaratmaq lazımdır ki, ağrıları artmasın;
- Yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
- Bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir; //yeniavaz



REKLAM