TƏBİB sədri: “Valideynlərim və ailə üzvlərim də peyvənd vurduracaq”
“Sosial şəbəkə vasitəsilə hansı vaksini vurduracağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Bəli, mən də vaksini mütləq vurduracağam, çünki vaksinin nəticəsinə inanıram”.
Sehiyye.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.
R.Bayramlı qeyd edib ki, vaksinasiya strategiyasına uyğun olarsa, valideynləri və ailə üzvləri də peyvənd vurduracaq:
“Hansı vaksini vurduracağım məsələsinə gəlincə, inaktiv vaksindən istifadə edəcəyəm. Çünki inaktiv vaksinlər artıq illərdir ki, sınaqdan çıxıb. Bu əsla digər vaksinlərin effektivliyini kölgə altına salmaq kimi qiymətləndirilməməlidir. Daha çox əmin olduğumuz həmin bu inaktiv vaksinlərdir.
Hansı ki, təbii yolla çoxaldılır və virus tam öldürülür, kimyəvi maddəyə çevrilir və insan orqanizminə yeridilir. Məhz bu baxımdan təhlükəsizliyindən tam əmin olduğum və uzun illərdir istifadə etdiyimiz inaktiv vaksindən istifadə edəcəyəm. Çin istehsalı vaksinlər də məhz bu qəbildən olandır”.//report