sehiyye.info

Dünyanı dəhşətə salan yeni virus DAHA SÜRƏTLƏ YAYILIR: Azərbaycan təhdid altındadırmı?

Dünyanı dəhşətə salan yeni virus DAHA SÜRƏTLƏ YAYILIR: Azərbaycan təhdid altındadırmı?
TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov COVID-19-un yeni ortaya çıxan mutasiyası barədə cəmiyyətdə narahatlıq doğuran suallara cavab verib.

Professor Publika.az-a müsahibəsində Britaniya adı verilən mutant virusun yoluxuculuq sürətinin artdığını qeyd edib.

- Koronavirusun mutasiyaya uğraması gözlənilən idi?

- Bəli, bu barədə biz yay aylarında məlumat vermişdik. Koronavirusda bir çox dəyişikliklər baş verir, amma mutasiya təbiətinə qədər gəlib çatmamışdı. İndi isə məlum olub ki, mutasiya nəticəsində virusun yoluxuculuq qabiliyyəti güclənib.

- Yeni ştamm əvvəlkindən daha təhlükəli ola bilərmi?

- Təhlükəsini daha sürətlə yayılması ilə izah etmək olar. Mutasiyadan əvvəl COVID-19 virusu onunla təmasda olmuş şəxslərin hər 100 nəfərindən 50-ni xəstələndirirdisə, indi bir xəstə ilə təmasda olmuş şəxslərin təqribən 70 faizə qədəri xəstələnir. Bu da o deməkdir ki, mutasiyaya uğramış virus artıq bütün dünyada dominant törədiciyə çevrilib.



Bəziləri bunu yeni virus kimi qələmə verərək səhv edir, sadəcə olaraq bu, əvvəlki virusun mutasiyası və ya dəyişkənliyi nəticəsində yaranmış bir virus ştammıdır. Onun ancaq yoluxuculuq qabiliyyəti artıb, xəstəliyin ağırlaşması nöqteyi nəzərindən elə bir dəyişiklik qeydə alınmayıb.

- Akif doktor, bəs virusların mutasiyasından qorxmaq lazımdırmı?

Dünyanı dəhşətə salan yeni virus DAHA SÜRƏTLƏ YAYILIR: Azərbaycan təhdid altındadırmı?
- Mutasiya bütün canlılarda baş verən kiçik dəyişikliklərdir. Çox nadir meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Qrip viruslarında da belə xüsusiyyətlər var. Donuz və ya quş qripi buna misal ola bilər. Hər hansı virusun nə zaman mutasiyaya uğradığını proqnoz verə bilmərik, amma mümkünlüyünü də istisna etmirik. Hətta mümkün ola bilər ki, bu virusun mutasiyası nəticəsində ola bilər ki, xəstəlik daha yüngül keçsin. Və yaxud elə xəstəlik törədə bilər ki, daha da ağırlaşar.

- COVID-19 əleyhinə hazırlanmış vaksinlər onun yeni ştammlarına qarşı effektiv təsir göstərə biləcək?

- Mutasiyaya uğramış virus antigen cəhətdən əvvəlki virusdan fərqlənsə, o halda biz vaksinlərin effektinin azalmasından danışa bilərik. Amma yeni ştamm antigen cəhətdən fərqlənmir. Əgər mutasiyaya uğramış və mutasiyadan əvvəlki virusun antigen quruluşu eynidirsə, vaksinlərin təsirinin azalmasından söhbət gedə bilməz.

- Mutant virusun Azərbaycanda yayılma ehtimalı nə qədərdir?

- Azərbaycan da dünyanın bir hissəsidir. Heç kim inkar edə bilməz ki, bu, Azərbaycana gəlməyəcək. Məsələn, İtaliyada ilk mutant viruslar aşkar olunanda proqnozlaşdırırdılar ki, qısa müddətdə dünyanın hər yerinə yayılacaq. Çünki yoluxma qabiliyyəti artmış virus daha sürətlə yayılır. Dünyanın bir çox yerlərində belə qəbul olunur ki, indi o mutasiyaya uğramış virus yayılıb.

Yeni ştammların Azərbaycanda olub-olmadığını müəyyənləşdirmək xüsusi tədqiqatların mövzusudur. Nəzəri cəhətdən hesab edirik ki, o, dünyanın hər yerinə yayılıb və bizdə də var. Son zamanlarda yoluxma sayının artması bu amillə bağlı ola bilər. Lakin qəti fikir bildirmək üçün sözsüz ki, tədqiqat aparılması zəruridir.

- Yeni ştammın yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur.

- Qorxmaq lazım deyil, bu, yeni virusa çevrilməyib, həminki virusdur, kliniki əlamətlərində də heç bir dəyişiklik yoxdur. Sadəcə yoluxma qabiliyyətini bir qədər artırıb. Mutasiyaya uğramış virus daha öldürücü olsaydı, qorxulu olardı. Lakin sürətlə yayılmasının özü də bir riskdir.



REKLAM