1 milyon 947 min 274 ölkə vətəndaşı icbari dispanserizasiyadan keçib
Səhiyyə müəssisələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 12-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur. Martın 12-dək ölkə üzrə ümumilikdə 1 milyon 947 min 274 ölkə vətəndaşı icbari dispanserizasiyadan keçib. Bunlardan 926 min 744-ü kişi, 1 milyon 20 min 530-u qadındır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr zamanı ümumilikdə 2932 nəfərdə infeksiyon, 879 nəfərdə yenitörəmələr, 5075 nəfərdə qanyaradıcı xəstəliklər, 5026 nəfərdə endokrin və s. xəstəliklər aşkarlanıb.
Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm sistemi xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.
Aşkarlanmaların nəticəsi olaraq 19810 nəfər dispanser qeydiyyata götürülüb, 36092 nəfər müalicə, 7389 nəfər hospitalizə olunub, 623503 nəfər isə əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.