“Ev apteki”ndəki bitkilərin faydaları
Keçmişdə ev xanımlarının müxtəlif meyvə, yarpaq, kök qurularını yığdıqları bir boğçası olardı, həmin boğça bir növ də “ev apteki” rolu oynayardı. İndi də rayon və kəndlərdə belə boğçası olanlar var. Həmin boğçada sağlamlıq üçün vacib olan ən vacib bitkilər toplanır və ehtiyac yarananda həmin bitkilərlə müalicə prosedurları aparılır.
Sehiyye.info xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. Onun dediyinə görə, bu cür müalicənin heç bir ziyanlı təsiri olmur və orqanizmə çox müsbət təsir edir: “Məsələn, limon qabığı qurudulub saxlanılır, köpmə və həzmsizlik zamanı çay kimi dəmlənilib içilir. Heyva yarpağı dəmləməsi soyuqdəymə və öskürək zamanı faydalı təsir göstərir. Bundan başqa heyva tumları qurudulur və südlə dəmlənilərək içilir. Yarım çay qaşığı heyva tumu bir stəkan soyuq suya atılır, bir gün saxlanılır, öskürək zamanı yeməkdən əvvəl qəbul edilməsi mədə yarası, qastrit və öskürək zamanı faydalıdır. Şaftalı yarpağı kölgədə qurudulur, bərabər miqdarda gavalı yarpağının qurusu ilə qarışdırılaraq dəmlənilərək yeməkdən əvvəl içilməsi öd durğunluğuna faydalı təsir göstərir. Cır gilənar ağacının uc hissəsindəki zoğlarının yığılıb qurudulması qışda soyuqdəymə əleyhinə ən təsirli və tərlədici vasitə kimi təsir edir. Gilas saplağı yaxşı sidikqovucu kimi böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir. Cır gilasın tumlarının əzilərək toz formasına salınıb gündə 3 dəfə yarım çay qaşığı qəbul edilməsi ikinci növ şəkərli diabet xəstələrində şəkərin səviyyəsini aşağı salır. Qurudulmuş söyüd yarpağı dəmləməsi qanı duruldur, iltihab əleyhinə təsir göstərir”.
Həkim-fitoterapevt daha sonra deyib: “Fındıq yarpağı dəmləməsi pozulmuş qan dövranını bərpa edir. Əl və ayaqlarda soyuqluq olanda həmin dəmləməyə bal əlavə edilərək gündə 3 dəfə 1 stəkan qəbul edilir. Onun qəbulu prostat böyüməsi zamanı da çox faydalıdır. Çiyələk saplaqları kölgədə qurudulandan sonra qaraciyər xəstəlikləri və öd mənşəli köpmələr zamanı dəmlənilərək içilir. Qozun arakəsmələri qəhvəüyüdəndə üyüdülür, onun 200 qramı yarım kiloqram bal ilə qarışdırılaraq məcun hazırlanır. Qoz ağacının cavan yarpaqları yığılıb qurudulur, vitamin çatışmazlığı zamanı dəmlənilərək bal əlavə edilərək içilir. Nar qabığının dəmləməsi ilə qarqara edən zaman ağız yaraları sağalır və diş əti bərkiyir. Əzgil saplağının dəmləməsi qanlı ishalı aradan qaldırır. Arterial təzyiq və şəkərli diabet zamanı hər gün zeytun yarpağı dəmləməsi içilməsi məsləhətdir”.//Azertac