Azərbaycanda 3000-dən artıq xəstə hemodializ müalicəsi alır
Hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən və dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır. Hazırda 3000 dən artıq xəstə Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir: “Hemodializ mərkəzlərindən 27-si regionlarda, 7-i isə Bakıda fəaliyyət göstərir. Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22 % artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir”.