sehiyye.info

Psixoloji yardımın müddətinə dair minimum tələblər müəyyənləşib

Psixoloji yardımın müddətinə dair minimum tələblər müəyyənləşib
Psixoloji yardımın müddətinə dair minimum tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər”ində əksini tapıb.

Qərara əsasən, psixoloji yardımın müddəti psixoloq və ya klinik (tibbi) psixoloq tərəfindən psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin yaşı, cinsi, yaşayış şəraiti və psixoloji problemləri nəzərə alınmaqla müəyyən edilir.

İştirakçı sayından və tərkibindən asılı olaraq, psixoloji yardım məşğələlərinin minimum müddətləri aşağıdakı kimidir:

- fərdi psixoloji yardım zamanı ilk məşğələ – 30 (otuz) dəqiqədən az olmayaraq, sonrakı məşğələlər – 15 (on beş) dəqiqədən az olmayaraq;

- ailəyə göstərilən və qrup halında göstərilən psixoloji yardım zamanı hər məşğələ – 60 (altmış) dəqiqədən az olmayaraq.

Həmçinin, Psixoloji yardımın keyfiyyətinə dair minimum tələblər də məlum olub.

- psixoloji yardımın aidiyyəti mütəxəssislərlə əməkdaşlıq və koordinasiya prinsipinə əsaslanaraq göstərilməsi;

- psixoloji yardımın vaxtında həyata keçirilməsi;

- psixoloji yardımın göstərilmə metodlarının düzgün seçilməsi;

- psixoloji yardımın zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuş yerlərdə göstərilməsi.

Psixoloji yardım göstərilən müəssisədə psixoloji yardımın bu sənədlə müəyyən edilmiş minimum tələblərə uyğun olaraq göstərilməsinə həmin müəssisənin rəhbəri və ya onun müəyyən etdiyi məsul şəxs tərəfindən nəzarət ediləcək.

Səhiyyə müəssisəsinin rəhbəri növbəti ilin ilk 10 (on) iş günü müddətində səhiyyə müəssisəsində göstərilən psixoloji yardımla bağlı illik hesabatı Səhiyyə Nazirliyinə təqdim etməlidir.



REKLAM