Varikoz xəstəliyi və müalicəsi.
Venaların varikoz genişlənməsi – damar divarının nazilməsi, venaların mənfəzinin genişlənməsi və anevrizmayabənzər düyünlərin yaranması ilə müşayiət olunan xəstəlikdir. Adətən venaların varikoz genişlənməsi dedikdə sərbəst nozoloji vahid – aşağı ətrafların varikoz xəstəliyi nəzərdə tutulur. Xəstəlik ayaqlarda ağırlıq və yorğunluq hissi, pəncə və baldır nahiyəsində ödem, gecə saatlarında ayaqlarda qıcolmalar, venaların vizual dərialtı genişlənməsi, venoz düyünlərin yaranması ilə təzahür edir. Varikoz xəstəliyinin gedişi flebit, tromboflebit, xroniki venoz çatışmazlığın inkişafı və trofik xoraların formalaşması ilə ağırlaşa bilir. Varikoz və onun ağırlaşmalarının diaqnostikasının əsas üsulu ultrasəs doppleroqrafiya (USDQ) hesab olunur. Müalicə konservativ (medikamentoz terapiya, skleroterapiya) və ya cərrahi yolla aparıla bilər.
Varikozun yaranma səbəbləri
Varikozun patogenezi
Varikozun təsnifatı
Varikozun əlamətləri
Varikozun diaqnostikası
Varikozun müalicəsi
Varikozun profilaktikası
Varikoz xəstəliyi barədə ümumi məlumat
Varikoz xəstəliyi (varikoz) – venaların genişlənməsi, qıvrılması, qapaq aparatının dağılması ilə xarakterizə olunan patologiyadır. Xəstəliyin ilkin təzahürlərinə damar ulduzcuqları və düyünlərin yaranması, dərialtı venaların şişməsi, venaların ağrılı olması, ayaqlarda ağırlıq hissi aiddir. Varikozun proqressivləşməsi zamanı venoz qan dövranının xroniki çatışmazlığının əlamətləri: pəncə və baldırın ödemi, baldır əzələlərində qıcolmalar, trofik xoralar, tromboflebit, varikoz dəyişilmiş venaların partlaması müşahidə olunur. Flebologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən 18 yaşdan yuxarı qadınların 30-40%-i, kişilərin isə 10-20%-i varikozdan əziyyət çəkir.
Varikoz xəstəliyinin yaranma səbəbləri
Venaların varikoz genişlənməsi polietioloji xəstəlikdir. Varikozun inkişaf riskini yüksəldən bir neçə amillər mövcuddur:
Birləşdirici toxumanın çatışmazlığı nəticəsində damar divarının zəifliyi ilə bağlı irsi meyllik.
Hamiləlik. Hesab olunur ki, hamiləlik zamanı varikoz sirkulyasiya edən qanın həcminin artması və böyüyən uşaqlıq tərəfindən peritonarxası venaların sıxılması ilə əlaqədar inkişaf edir.
Piylənmə varikozun inkişaf riskinin təsdiq olunmuş amilidir. Bədən kütləsi indeksi 27 kq/m²-a qədər yüksəldikdə, xəstəliyin yaranma riski 33% artır.
Həyat tərzi. Uzun müddət oturaq vəziyyətdə və ya ayaq üstə qaldıqda, daimi statik yüklənmələr, xüsusən ağır yüklərin qaldırılması zamanı varikozun inkişaf riski yüksəlir. Qarındaxili təzyiqin artmasına səbəb olan korsetlər və qasıq büküşləri nahiyəsində magistral damarları sıxan dar geyim xəstəliyin gedişinə mənfi təsir göstərir.
Qidalanmanın xüsusiyyətləri. Qida rasionunda meyvə və çiy tərəvəzlər azlıq təşkil etdikdə varikozun inkişaf ehtimalı yüksəlir. Kobud qida liflərinin çatışmazlığı xroniki qəbizliyə, bəzi qida maddələrinin azlığı venoz divarın quruluşunun pozulmasına gətirib çıxarır.
Hormonal balansın pozulması. Hormonal kontraseptivlər, osteoporoz və klimakterik sindromun terapiyasında istifadə olunan hormonal preparatlar xəstəliyin yayılmasına müəyyən qədər təsir göstərir.
Bəzi hallarda (bir sıra xəstəliklər, anadangəlmə patologiya zamanı) varikoza təkcə aşağı ətraf venalarında rast gəlinmir. Məsələn, portal hipertenziya qida borusunun venalarının genişlənməsinə səbəb ola bilər. Varikosele zamanı toxum ciyəsi venalarının, babasil xəstəliyində isə anal dəlik nahiyəsi və düz bağırsağın aşağı hissəsinin venalarının varikoz genişlənməsi aşkar olunur. Prosesin lokalizasiyasından asılı olmayaraq, damar divarının anadangəlmə zəifliyi və venoz qapaqların çatışmazlığı ilə əlaqədar varikozun inkişafına irsi meyllik qeyd olunur.
Varikoz xəstəliyinin patogenezi
Aşağı ətraf venaları öz aralarında perforant (kommunikant) venalarla birləşən dərialtı və dərin venalardan ibarət şaxələnmiş şəbəkə əmələ gətirir. Səthi venalarla dəri və dərialtı qatdan, dərin venalarla isə digər toxumalardan qan axını baş verir. Kommunikant damarlar dərin və səthi venalar arasında təzyiqin bərabər paylanmasında iştirak edir. Bu damarlarla qan ancaq bir istiqamətdə – səthi venalardan dərin venalara doğru axır.
Venoz divarın əzələ qatı zəif inkişaf etdiyindən qanın yuxarıya doğru hərəkətini təmin edə bilmir. Periferiyadan mərkəzə qan cərəyanı qalıq arterial təzyiq və damarların yaxınlığında yerləşən vətərlərin təzyiqi hesabına həyata keçir. Bu proseslərdə əzələ pompası mühüm rol oynayır. Fiziki yüklənmə zamanı əzələlər yığılır, qan yuxarı istiqamətdə qovulur, bu da venoz qapaqların onun aşağıya doğru hərəkətinə mane olması ilə izah edilir. Venoz tonus normal qan dövranını və daimi venoz təzyiqin stabilliyini təmin edir. Venalarda təzyiq baş beyində yerləşən vazomotor mərkəz tərəfindən tənzimlənir.
Qapaq çatışmazlığı və damar divarının zəifliyi nəticəsində qan əzələ pompasının təsirindən nəinki yuxarıya, həm də aşağıya doğru axaraq, damar divarlarına əlavə təzyiq göstərir, nəticədə damarlar genişlənir, düyünlər yaranır və qapaq çatışmazlığı proqressivləşir. Kommunikant venalarla qan cərəyanı pozulur. Dərin damarlardan səthi damarlara qanın reflüksü səthi venalarda təzyiqin daha da artmasına səbəb olur. Venaların divarlarında yerləşən sinirlər vazomotor mərkəzə siqnallar göndərir, bu da venoz tonusun artmasına gətirib çıxarır. Venalar artan yüklənmələrə davam gətirə bilməyib, tədricən genişlənir, uzanır və qıvrılır. Yüksək təzyiq venoz divarın əzələ liflərinin atrofiyası və venoz tonusun tənzimində iştirak edən sinirlərin məhvi ilə nəticələnir.
Varikoz xəstəliyinin təsnifatı
Venaların varikoz genişlənməsinin bir neçə təsnifatı mövcuddur. Belə müxtəliflik xəstəliyin polietioloji olması və varikozun gedişinin çoxsaylı formaları ilə əlaqədardır.
Mərhələli təsnifat
Fleboloqlar tərəfindən damarların varikoz genişlənməsinin mərhələli təsnifatı geniş istifadə olunur:
Kompensasiya mərhələsi. Şikayətlər olmur. Müayinə zamanı bir və ya hər iki ayaqda varikoz genişlənmiş venalar müşahidə edilir.
Subkompensasiya mərhələsi. Müayinə prosesində ayaqlarda ifadəli varikoz genişlənmiş venalar izlənilir. Xəstələr baldır nahiyəsində ağrı hissi, paresteziya («qarışqa yeriməsi»), gecə vaxtlarında yaranan qıcolmalardan şikayət edir. Axşamlar pəncə, topuq və baldırın bir qədər şişkin olması qeydə alınır. Səhər saatlarında ödem itir.
Dekompensasiya mərhələsi. Yuxarıda qeyd olunan əlamətlərə dermatit, ekzema əlavə olunur. Xəstələr dəri qaşınmasından əziyyət çəkir. Dəri quruyur, parlaqlaşır, dərialtı qatla möhkəm birləşir. Kiçik qansızmalar və hemosiderinin toplanması hiperpiqmentasiyaya səbəb olur.
2000-ci ildə təklif edilən müasir təsnifat xroniki venoz çatışmazlığın dərəcələrini, venaların varikoz genişlənməsinin formalarını və varikozun ağırlaşmalarını əks etdirir.
Formalar üzrə təsnifat
Venaların varikoz genişlənməsinin aşağıdakı formaları ayırd edilir:
Dərialtı və dəridaxili damarların reflükslə müşayiət olunmayan seqmentar zədələnməsi.
Səthi və ya kommunikativ venalarla patoloji axınla müşayiət olunan venaların seqmentar zədələnməsi.
Səthi və ya kommunikativ venalarla patoloji axınla müşayiət olunan venaların yayılmış zədələnməsi.
Dərin venalarla patoloji axınla müşayiət olunan venaların yayılmış zədələnməsi.
Beynəlxalq təsnifat
Müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən istifadə olunan ümumqəbulolunmuş beynəlxalq təsnifat mövcuddur:
0 sinif. Varkoz əlamətləri müşahidə olunmur. Xəstələr ayaqlarda ağırlıq hissindən şikayət edir.
I sinif. Vizual olaraq vena torları və damar ulduzcuqları (teleangioektaziyalar) müəyyən olunur. Bəzi xəstələrdə gecə saatlarında əzələ qıcolmaları yaranır.
II sinif. Xəstənin müayinəsi zamanı genişlənmiş venalar izlənilir.
III sinif. Pəncə, topuq və baldır nahiyəsində qısamüddətli istirahətdən sonra keçməyən ödemlər yaranır.
IV sinif. Müayinə zamanı lipodermatosklerozun əlamətləri (dermatitlər, baldırın hiperpiqmentasiyası) aşkar olunur.
V sinif. Xoraönü vəziyyət yaranır.
VI sinif. Dayanıqlı trofik xoralar inkişaf edir.