Bizi çökdürə biləcək xəstəliyə niyə fikir vermirik?
"Ağrısı yoxdur" deyib, yaranan dəyişiklikləri özbaşına buraxırıq. Zamanla keçib gedənləri də olur, qalıb ağrı verənləri də.
Ən çox rast gəlinən deformasiya isə biləkdə yaranan kiçik şişlərdir. Xalça çırpan, ağır yük qaldıran qadınlar qısa müddət sonra biləklərində kiçik şiş olduğunun fərqinə varırlar. Çox vaxt da bu şişlərin yox edilməsinə çalışan xanımlar dədə-baba qaydasına müraciət edir, yəni gah biləyə qəpik qoyub bağlayır, gah da masaj edirlər. Nəticə isə hər zaman ürəkaçan olmur. Estetik baxımdan gözəl görünməyən bu şişlər xüsusən xanımları narahat edir və səbəbini bilmədən müxtəlif çarələr axtarılır.
Əslində bu şişlər əldə yaranan xoş xassəli kistalardır. Bu kistalar nə başqa orqana yayılır, nə də artır. Tibbdə isə belə kistalar "Ganglion" adlanır. Ganglion əldə və əl biləkərində, əzələlərdə yaranan və tez-tez rastlanan bir xəstəlikdir. İlk baxışdan yumurtaya bənzəyən bu şiş içəridən su, yaxud jele tərkibli maye ilə dolu olur. Bu kistalar hər yaşda yarana bilər.
Ortoped Mahmud Hacıyevin sözlərinə görə, bu kistaların ölçülərinin dəyişməsi, öz-özünə yox olması mümkündür. Bu kistlər ağrılı, yaxud ağrısız ola bilər: "Diaqnoz kistin yerinə və ölçüsünə görə qoyulur. Sərt, yaxud yumşaq olan kistlər noxud böyüklüyündə, bəzən ondan da böyük olur. Əllə təzyiq olunduğunda şiddətli ağrı verir. Zamanla öz-özünə yox olanları ilə yanaşı daimi qalıb ağrı verənləri də var. Bu halda kiçik əməliyyat lazım olur. Kistin içində maye çəkilir və bununla da ağrı azalır. Maye çəkilməsinin mənfi tərəfi ondan ibarətdir ki, yenidən kistin yaranması böyük ehtimaldır. Sadəcə, ağırlığa salmamaq kifayət edir ki, şiş öz-özlüyündə geri çəkilsin. Geri çəkilən kistanın yenidən yaranma ehtimalı da böyükdür".
Gangliom kistaları 30 yaşından yuxarı insanlarda daha çox müşahidə olunsa da, bu hal uşaqlar üçün də keçərlidir. Qadınlarda kişilərə nisbətən daha çox görünən bir haldır. Kistlərin 70-80%-i əl biləyinin üstündə, qalanları isə əlin müxtəlif nahiyyələrində yarana bilir. Ağırlığa düşdüyü, yaxud çox hərəkət edildiyi zaman kista böyüyər, istirahət zamanı isə içindəki maye sovrular və kistanın ölçüsü azalar.
M.Hacıyev bildirir ki, bu halın səbəbini dəqiqiliklə qadınların ağır yük qaldırmalarına, yaxud xalça-palaz çırpmalarına aid etmək olmaz, çünki kistaların yaranma səbəbləri hələ də tam olaraq aydın deyil: "Düzdür, ağırlıq qaldırmaq hardasa təsir edir ki, ganglion yaransın, lakin bunun tək səbəbi ağırlıq deyil. Kiçik yaşlı uşaqlarda da bu hal müşahidə olunur. Ganglion kistlərinin sonradan xərçəng şişlərinə çevrilməsi qətiyyən mümkün deyil. Çünki kistanın tərkibi mayedir, yaxud mayenin bərkimiş halı olan jele. Xanımlar metal pullar bağlayaraq kistin qarşısını almağa çalışarlar, lakin belə müalicə növü yoxdur. Metal pul kistanın dikinə böyüməsinin qarşısını ala bilər. Yəni, kist üzdən daha kiçik görünə bilər, amma bu, problemin həll olunması demək deyil".
Kistaların ölçüləri adamdan adama dəyişir. Toxuculuq, yaxud bu kimi daimi əli hərəkətdə saxlayan işlər yaranmış kiçik kistlərin zamanla böyüməsinə səbəb olur. Əldə yaranan hər belə şiş mütləq ganglion deyil. Buna görə ortopedə müraciət etmək lazımdır. Əldə olan lipomlar, sümük çıxıntıları da biləkdə şiş yarada bilər. Bu zaman həkim nəzarətində rentgendən keçirilməsi nəticəsində tam diaqnozu mümkündür. Bu tip şişlər daimi kompüterlə işləyən ofis işçilərinin, musiqiçilərin, hörgü hörənlərin tez-tez rastlaşdığı haldır.
Kistalarda ağrı olduğu zaman müxtəlif mazlarla bunun qarşısını almaq mümkündür. Bəzən bilək üstünə yıxılmaq, yaxud şişə gələn zərbə nəticəsində də kistanın partlayıb yox olması mümkündür. Gündəlik işə mane olan kistalar isə kiçik əməliyyatla çıxarılır və xəstə bir gün içində yenidən əvvəlki həyatına qayıda bilir.
Dizdə də maye toplanması mümkündür, amma bu o demək deyil ki, ganglion şişi yaranır. Dizdə olan yırtıqlar nəticəsində dizdə şişlər meydana gəlir. Buna fikir verilmədikdə içindəki maye yavaş-yavaş iltihaba çevrilir və 24-48 saat ərzində ağrılar baş qaldırır, dizdə gərginlik yaranır.
Dizdə ganglion kistlərinə bilək qədər çox rastlanmır. Lakin dizi də xüsusi qorumaq və xüsusən artıq çəkini mütləq vermək lazımdır. Ortoped qeyd edir ki, dizdə yaranacaq problemi bilək qədər rahatlıqla həll etmək olmur, çünki insan daimi gəzir, ayaq üstdədir: "Dizdə ganglion kisti çox rastlanmırsa, bu o demək deyil ki, dizlərə fikir verməmək lazımdır. Əvvəla, artıq çəkidən xilas olun, çox hərəkət edin, çömbələrkən, yaxud nəsə götürmək üçün əyilərkən əllərdən istifadə edin, dizi çox bükməməyə çalışın, uzun müddət ayaq üstdə durmayın, ağır yük daşımayın. Ağır yük biləyi zədələdiyi kimi ikiqat ayaqları zədələyir. Yastı və yumşaq ayaqqabı geyinin. Dizlərinizi sərt yerə dayamayın, diz üstü gəzməyin. Bütün bunlar dizlərin də sağlam qalmasına kömək edəcək".(Ekspress.az)