sehiyye.info

Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər

Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər
Çin alimləri infraqırmızı diapazonda insanın qaranlıqda görməsini təmin edən texnologiya icad ediblər. Yeni texnologiya gecə görmə cihazlarının effektini verir.

AZƏRTAC BBC-nin saytına istinadla xəbər verir ki, yeni cihazdan istifadə etmək üçün kiçik nanohissəciklərin nazik təbəqəsini gözün retinasına yerləşdirmək və fotoreseptorların adətən görmə spektrinin arxasında yerləşən infraqırmızı şüalanmaya reaksiyasını təmin etmək kifayətdir.

Çinin Elmi Texniki Universitetinin alimlərinin hazırladıqları bu texnologiya siçanlar üzərində uğurla sınaqdan çıxarılıb və onun insan gözü üçün də eyni effekti verəcəyi ehtimal olunur.

Görünməyən infraqırmızı şüaları qəbul etməyə qadir olan siçanların gözləri preparatın yerləşdirilməsindən sonra bir neçə həftə ərzində bu effekti qoruyub saxlaya bilib. Bununla yanaşı, onların görmə qabiliyyətində heç bir kənar effekt müşahidə olunmayıb.

Doğrudur, qaranlıqda görməni təmin edən yeganə üsul nanohissəciklərin birbaşa gözün retinasına daxil edilməsidir. Lakin alimlər istisna etmirlər ki, gələcəkdə bu üsulu dəyişdirə biləcəklər və gözə sadəcə damcı salmaqla həmin effektə nail olacaqlar.

Bizim gözümüzdə yerləşən retina dəqiqliyi ilə əks istiqamətdə işləyir: ona düşən işıq elektrik sinqallarına çevrilərək beyində inikas olunur. Bütün bu prosesləri daxili qişada yerləşən fotoreseptorlar – çubuqlar və konuslar adlanan təbəqələr yerinə yetirir.

Lakin onların həssaslığı çox məhduddur və görünən işıq seli infraqırmızı (istilik) və ultrabənövşəyi şüalanma diapazonu yaradan elektromaqnit spektrinin çox cüzi hissəsini təşkil edir. İşıq dalğalarının böyük bir hissəsi isə bizim üçün görünməz olaraq qalır.

Bu məsələdə bir çox canlıların bəxti daha çox gətirib. Məsələn, ağcaqanadlar, habelə ilanların bəzi növləri və balıqlar infraqırmızı diapazonda görmə qabiliyyətinə malikdirlər. Onlar bunun sayəsində gecələr və ya soyuq su hövzələri şəraitində asanlıqla ov edə bilirlər. Çünki, onların ovladığı istiqanlı canlılar daha soyuq fonda aydın görünürlər.

Bəşəriyyət bütün bu imkanları gecə görmə cihazları ilə imitasiya etməyə nail olub. Hazırda ovçular, hərbçilər və xilasedicilər bu cihazlardan geniş şəkildə istifadə edirlər.

Aparat insanın görə bilmədiyi infraqırmızı şüalanmanı tutur və dalğaları qısaldaraq görməli vəziyyətə gətirir.

Çin alimlərinin hazırladıqları nanohissəciklər zülal molekulları, örtülü və fotoreseptorların üzərinə əlavə edildikdə həmin prinsip üzrə işləyirlər. Onlar çubuqları və konusları cəlb edir və görünməyən şüalanmanı spektrin görünən yaşıl hissəciklərinə çevirirlər.



REKLAM