sehiyye.info

Şirvanda xəstəxanalar bağlandı – KORONAVİRUSA GÖRƏ

Şirvanda xəstəxanalar bağlandı – KORONAVİRUSA GÖRƏ
Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib.

Sehiyye.info APA TV-yə istinadən xəbər verir ki, hazırda bu məqsədlə TƏBİB-in işçi qrupu Şirvan şəhərinə ezam olunub. İşçi qrupunun qənaətinə görə, xəstəxanalarda aparılan monitorinq zamanı təşkilatçılıq məsələlərində qüsurlar aşkarlanıb. Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.

Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq, bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib.

Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə və Şirvan doğum evinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılıb. Xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi isə davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək.

Hazırda bütün həkim və xəstələrdən COVİD 19-a yoluxmanı müəyyən etmək üçün yaxmalar götürülür. Bir həftə ərzində xəstəxananı nə xəstələr, nə də həkimlər tərk edə bilməz.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək.



REKLAM