sehiyye.info

Küveytin dəstəyi ilə Respublika Klinik Uroloji Xəstəxanasına yeni aparatlar gətirilib

Küveytin dəstəyi ilə Respublika Klinik Uroloji Xəstəxanasına yeni aparatlar gətirilib
Küveyt Dövlətinin dəstəyi ilə Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni aparatlar gətirilib.

Sehiyye.info xəbər verir ki, bu aparatlar vasitəsilə böyrək xəstələri qansız, əməliyyatsız müayinə və müalicə olunacaqlar. Küveyt dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şəmlan Əl-Rumi bunun ölkəmizdə həyata keçirdikləri ilk layihə olmadığını deyir: “Bildiyimiz kimi Küveyt Səfirliyi tərəfindən xəstəxanaya tibbi avadanlıqlar hədiyyə olunub. Biz xəstəxanada kiçik bir gəzinti həyata keçirdik, aparatlarla, onların funksiyaları ilə tanış olduq. Bu, Küveyt dövlətinin Azərbaycanda həyata keçirdiyi ilk layihə deyil. Bu əməkdaşlığın gələcəkdə daha da artacağına ümid edirik.”

Respublika Klinik Uroloji xəstəxananın baş həkimi Əli Babayevin sözlərinə görə, uroloji xidmətlərin bütün növlərində istifadə olunan bu aparatlar böyrək axarlarında, böyrəkdə olan daşların sındırılmasında, əridilməsində effektiv təsir göstərir: “Küveyt ölkəsindən bizə gələn tibbi ləvazimatların üstünlüyü ondan ibarətdir ki, xəstələrin klinika şəraitində qalma müddətini xeyli azaldır. Həmin aparatlardan daha çox qapalı əməliyyatlarda istifadə olunur ki, bu da xəstənin əməliyyatı daha yüngül keçirməsinə imkan yaradır”.

Bu aparatlar vasitəsilə artıq dörd xəstə əməliyyat olunub. Bu xəstələrdən biri də Şahbaba Nuriyevdir: “Məndə böyrək adanomiyası var idi. Bir müddət müalicə alandan sonra dərmanlar iltihabı sidik kisəsinə salmışdı. Dedilər ki, əməliyyat olunmalısan. Əməliyyat deyəndə qorxdum, amma mənə çox ürək-dirək verdilər. Əməliyyat olundum, indi özümü çox yaxşı hiss edirəm”.

Qeyd edək ki, xəstəxanaya gətirilən bu avadanlıqlar xüsusilə də imkanı olmayan şəxslərin pulsuz müayinəsi üçün nəzərdə tutulub.//APA



REKLAM