DİN: Neftçalada saxta arayış verən həkim tutulub
Xüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumatda qeyd olunur ki, keçirilən əməliyyat tədbiri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, Mahir Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kənd sakini olan bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib. Bununla da saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə şərait yaradıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Mahir Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.