sehiyye.info

Boğaz ağrısı zamanı xalq təbabəti üsulları ilə müalicə

Boğaz ağrısı zamanı xalq təbabəti üsulları ilə müalicə
Həm uşaqlar, həm böyüklər boğaz iltihablardan əziyyət çəkir.
Bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.
- Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.
- Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.


- Selikli qişanı yumşaldır, iltihabı azaldır.
- Ağrıları azaldır və selikli qişanın zədələnmiş sahələrini sağaldır.
Sağalma prosesini tezləşdirmək istəyirsinizsə, qarqaradan imtina etməyin. Xəstəliyin əvvəlində qarqaranı tez-tez edin - hər 1-2 saatdan bir.
Bir çox insanlara qarqaranı düzgün edə bilmir.
- Lazım olan effekt almaq üçün ağıza maye (bu duzlu su, otların dəmləmələri və s. ola bilər) alıb, başınızı arxaya əyin və dilinizi çıxardın.
- Qarqara zamanı "ı" səsini uzadın (bu badamcıqların daha yaxşı təmizlənməsinə kömək edəcək).
- Qarqara 30-40 saniyə ərzində davam edilməlidir.
- Maye ilıq olmalıdır. İsti maye boğazı yandıracaq və ağrıların daha da artmasına səbəb olacaq.
- Qarqaradan sonra 1 saat ərzində qida və maye qəbul etmək olmaz.
Qarqara üçün bu kimi məhlullar istifadə oluna bilər:
- Duz məhlulu. Bu çox təsirli vasitədir. 1 stəkan ilıq suda 1 çay qaşığı duz (dəniz duzu daha yaxşıdır) əridin və qarqara edin. Bəzən bu məhlula yod əlavə edirlər. Lakin qalxanvari vəzidə pozulmaları olan və allergiyaya meyilli insanlar yoddan istifadə etməməlidir. Həmçinin kiçik yaşlı uşaqlarda və hamilə qadınlarda yodla qarqaralar istifadə olunmur.
- Soda məhlulu. 1 stəkan ilıq suya 1 çay qaşığı soda əlavə edin və qarqara edin.
- Çobanyastığı da çox güclü antiseptik və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
- Adaçayı otu ilə qarqaralar da çox effektlidir. (1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir.)
- Kalendula və evkalipt otlarından 1 çay qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
- Alma sirkəsi ilə qarqara da çox sadə və eyni zamanda effektli vasitədir. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə olunur.
- Sarımsaq təbii antiseptik və antibakterial vasitədir. 2-3 diş sarımsaq 1 stəkan ilıq suya sıxılır və qarqara edilir.
Nəzərinizə çatdıraq ki, yalnız qarqaranın köməyi ilə iltihabdan azad olmaq mümkün deyil. Bu vasitə əsas müalicə ilə yanaşı köməkçi vasitə kimi istifadə oluna bilər.
Tonzillitin (angina) müalicəsində mütləq antibakterial preparatlardan (antibiotiklər) istifadə olunmalıdır. Əks halda bu ciddi ağırlaşmalara səbəb olacaq.
Saglamolun.Az



REKLAM