Abşeronda it döyüşləri təşkil edən şəxslər həbs edildi - YENİLƏNİB
İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb.
DİN-dən "Report"a verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Onların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb. Məlumatda qeyd olunub ki, Mətləb adlı şəxs “Pitbull” fermasında it döyüşləri təşkil edir. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.
*** 12:07
"Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov "Report"a bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib.
"Onlardan 4-ü – Bakı şəhər sakinləri - Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”, - DİN rəsmisi bildirib.