"İkinci dalğa gəldiyi zaman resurslarımız tükənmiş ola bilər" Rəşad Mahmudov
“Bu gün təkcə ölkəmizdə deyil, dünyaya baxdığımız zaman pandemiya dönəmində olan ən böyük problem insanların psixoloji olaraq hadisəyə qarşı münasibətindəki fərqlilikdir. Bunun da ən böyük səbəbi bugünə qədər virusa qarşı olan mübarizədə reallıq haqqında tam sözlərin deyilməməsidir. Daha doğru desək dünya tibbinin xəstəliyin qarşısında aciz qalmasıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov deyib.
O bildirib ki, məhz bu səbəblər insanlar arasında fikir ayrılığına, xəstəliklə bağlı müəyyən şübhələrin yaranmasına səbəb olur: “Cəmiyyətə də baxdığımız zaman təkcə pandemiya dövründə deyil, eləcə də digər dövrlərdə bəlli təbəqələr var ki, onlar ümumiyyətlə qayda-qanunlara riayət etməklə əlaqədar sıxıntılar yaşayırlar. Bəlli kəsim insanlar var ki, onlar istənilən bir sözə, düşüncəyə qarşı şübhə ilə yanaşma mövqeyində olublar”.
Komitənin sədr müavini söyləyib ki, xəstəliklə bağlı I, II, III dalğalanma bu gün təkcə COVİD-19 pandemiyası ilə bağlı deyil: “Dünya elmi bundan öncəki xəstəliklərlə də belə halların baş vermə ehtimalı qarşısında aciz idi. Çünki hələ də əlimizdə nəticə etibarı ilə gələ biləcək dalğa qarşısında mülicədə effekt verəcək vasitə yoxdur. Ölkələr bu günə qədər müəyyən tədbirlərlə xəstəliyin yayılma ehtimalını azaldaraq, bəllu bir uğurlu yol qət edib. Burada Azərbaycan da nümunəvi ölkələrdəndir. Bu yolda zamanında atılan addımlar, verilən qərarların doğru və müzakirəsiz bir şəkildə tətbiq edilməsi, dövlətin Cənab Prezident başda olmaqla vermiş olduğu qətiyyətli qərarların mərkəzləşdirilmiş, əlaqəli, proqramlı şəkildə həyata keçirilməsi və cəmiyyətin də bu hadisəyə ilk mərhələdə gözəl reaksiya verməsi ilkin mərhələnin uğurla başa çatması ilə nəticələndi”.
R.Mahmudov qeyd edib ki, əlbəttə ki hər kəs problemin qısa zamanda həll edilməsini istəyir: “Lakin II dalğa gəldiyi zaman resurslarımız tükənmiş ola bilər. Qorxulu tərəf odur ki, pandemiyanın ilkin mərhələsində insanları kontrolda saxlamaq daha asan oldu. Çünki bütün dünya insanlarında qorxu hissi var idi. Amma əfsuslar olsun ki, istər dünya, istərsə də ölkəmizdə insanlarda bu qorxu hissləri məsuliyyət hissindən daha çox laqeydlik hissi ilə yerdəyişimi arasındadır”.