sehiyye.info

Rəngli kağızlara bükülmüş, dadlı karamellər: dostumuzdur, yoxsa düşmənimiz?

Rəngli kağızlara bükülmüş, dadlı karamellər: dostumuzdur, yoxsa düşmənimiz?
Portağallı, limonlu, çiyələkli, bir-birindən fərqli dadlara məxsus, rəngli kağızlara bükülmüş, ləziz görünüşlü karamellər...

Azərbaycanda alıcılar tərəfindən marketlərdə ən çox alınan konfet növü karamellərdir. Bunu biz özümüzdən demirik, mütəxəssislər söyləyir. Xüsusən də yaz-yay aylarında karamellər diqqət mərkəzində olurlar. Buna səbəb isə isti havalarda qənddanda qala bilən ən uzunömürlü qida olmasıdır. Hələ evinizdə yaşlı babanız ya da nənəniz varsa, deməli karamel konfetləri sizin süfrənin olmazsa olmazındandır. Əlbəttə, bu konfet növləri eyni zamanda azyaşlı uşaqların da sevimli şirniyyatı hesab olunur.


Lent.az -ın əməkdaşı bununla bağlı araşdırma apararaq maraqlı məlumatlar əldə edib. İndi həmin məlumatları sizinlə də bölüşəcəyik.


Əsirlər öncə varlıların masalarını bəzəyən karamel konfetlər, indi onlar üçün bir o qədər də maraqlı deyil. Konfetlərin tarixi bilirəm ki, hamı üçün maraqlıdır. Lakin bu haqda daha sonra danışacağıq. İndi təqdim edəcəyimiz məlumatları hər kəs diqqətlə oxusa yaxşıdır. Belə ki, aldığınız konfetlərə diqqətlə yanaşmalısınız. Ümumiyyətlə, belə bir sual yaranır. Konfet alarkən nələrə diqqət edilməlidir?


Həmsöhbətimiz Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, qida texnoloqu Ağa Salamovdur. O, bu barədə hər kəsin bilməsi vacib olan qaydaları sadaladı:
Rəngli kağızlara bükülmüş, dadlı karamellər: dostumuzdur, yoxsa düşmənimiz?
“Karamel ölkədə əsasən çayxanalar və xeyir şər evlərində, yas mərasimlərində istifadə olunur. Yəni evə karamel 1 kq alanda bir il gedir, qalanı da atılır. Karantin başlayandan bu günə qədər karamel satışı demək olar ki, 70-80% azalıb. Ümumilikdə konfet şokolad satışında isə 50-60% azalma var. Buna da səbəb toy- nişana qoyulan qadağalardı. Evdə olanda çay ilə içməyə alternativ çox olduğu üçün karamel və konfetdən az istifadə olunur. Məsələn, karantin müddətində “evdə qal” çağırışı ilə çox iş yerləri bağlandı yaxud da adamlar evdən işlədi. Evdə qalan xanımlar hətta bəylər belə özlərini mətbəxdə sınamağa başladı. Məsələn, mənim universitetdə fəlsəfə müəllim vardı Müşfiq, indi Türkiyədə yaşayır. Adam alimdir, professordur amma o gün sosial şəbəkədə paylaşım edib ki, keks bişirir. Siz indi baxın, bu adam filosofdur və belə şirniyyat bişirirsə, demək çoxları bu fəaliyyətlə məşğuldur. İndi evdə də hamı deyir ki, yox biz çayı karamel konfetlə içəcəyik? Əlbəttə ki, yox. Bu gün evə alınacaq ərzaqlar siyahısında konfet və şirniyyat 1-2% təşkil edir. Siyahıda əsasən həyatı əhəmiyyətli ərzaqlar, yağ, qarabaşaq, makaron, ət, şəkər tozu və bu kimi məhsullar olur. Konfetlərdən isə yalnız orta seqmentə aid çeşidlər alınır, yəni ekanom və premium seqment hansılar ki, ucuz karamel konfetlər (çayxana, çay evi, kafelər, xeyir şər evi və s alan) və hədiyyəlik qutular, zərli bükülmüş pay aparılmalı bahalı konfetlər ( nişan, toy, qonaqlıq və s yer üçün alınan) satılmır. Çünki nə qonaq gedən, nə yas verən, nə toy nişan edən yoxdu. Həm də insanlar əlində olan pulu dar günə saxlayıb. Yəni konfet, karamel, şokolad heç vaxt həyatı əhəmiyyət daşıyan ərzaq olmayıb.




Hə, buraya qədər hər şey aydındır. Bəs görəsən bu “sevimli” konfetlər bizim ölkədən başqa haralarda sevilib-seçilir? Başqa hansı ölkələrdə bizdə olduğu qədər məşhurdur?


Zamiq bəy bununla bağlı da ətraflı izah verdi:


“Türkiyədə konfet yoxdur. Yəni onlar konfetin nə olduğunu bilmirlər. Türklər çayı konfetlə içməyi çox sevmir. Çay içəndə də onu iki qəndlə şirin edib içirlər. Gürcülər isə çayı sevməsələr belə konfeti sevirlər. Türklər konfeti hədiyyə kimi bilirlər. Amma bizdə qədimdən bəri çay çox içilir. Həm də çayın yanında mütləq nəsə olmalıdır. Şirniyyat, konfet, mürəbbə kimi məhsullar bir stəkan çayımızın yanında mütləq olmalıdır. O ki, qaldı karamellərin ən çox sevilib, yeyildiyi ölkələrə o zaman deyə bilərəm ki, Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan və Belarusiyada bu məhsullar olduqca hörmətlidirlər”.


Karamelin tərcümeyi-halını bu qədər araşdırmışkən istədik ki, dadı ilə dostumuz olan bu məhsulların bizə düşmən tərəflərini də öyrənək. Karamellərin sağlamlıq üçün təhlükəli tərəfləri varmı? Xeyirli və zərərli xüsusiyyətləri nələrdən ibarətdir?


Dietoloq Şəfa Yadigarova verdiyi cavablarla bizi xeyli məlumatlandırmış oldu. Belə ki:

Rəngli kağızlara bükülmüş, dadlı karamellər: dostumuzdur, yoxsa düşmənimiz?

“Karamel də digər şirniyyatlar kimi orqanizmə birbaşa zərər verir. Çünki ümumiyyətlə, bütün şirniyyatlar insan orqanizmində immun sistemini aşağı salır. Yaşlılarda və uşaqlarda bağırsaq florasının pozulmasına birbaşa təsir göstərir. Bu insanlarda bağırsaq florasının pozulması ilə göbələyin artması yaranır. Bu da həmin insanların orqanizmində qurdların yaranması və artması üçün müsbət şəraitin yaranması deməkdir. Qurdların artması da uşaqların inkişafdan qalmasına, iştahsızlıq, ürəkbulanma, boyun inkişafdan qalması, əsəbilik, gərginlik , yuxusuzluq , allergiya kimi problemlər yaradır. Bağırsaqda göbələyin artması yaşlılarda isə uşaqlarda olduğu kimi immun sisteminin zəifləməsinə gətirib çıxarır. Bildiyiniz kimi, hər bir insanın bədənində xərçəng hüceyrələri var. Karamel konfetlərin çox qəbul olunması həmin hüceyrələrin inkişafını yaşlı insanlarda daha da aktivləşdirir. Elə buna görə də onkoloji xəstələrə şirniyyat yemək qadağandır. Bütün bunlara görə də mən məsləhət görərdim ki, karamel konfetlərin əvəzinə daha çox təbii məhsullar, meyvələr qəbul etsinlər. Mövsümə uyğun olan təbii və qurudulmuş meyvələr, çərəzlər orqanizmin sağlam qalmasına, immun sisteminin gücləndirməsinə şərait yaradır. Əgər şirniyyat yemək istəyirlərsə, bu zaman məsləhət görərdim ki, özləri evdə hazırlasınlar”.



Bəli, bəli gəldik konfetlərin tarixinə. Qida texnoloqu Ağa Salamov “konfetlər haqqında nə bilirik?” sualına geniş cavab verib. Şef aşbaz bildirir ki, konfetlərin çox qədim tarixi var. Belə ki, onlardan sən demə həm də dərman kimi istifadə olunub:


“Konfetlər ilk dəfə eramızdan əvvəl 2000-ci ildə qədim Misirdə yaranıb. Qədim misirlilər quru meyvələri və çərəzləri bal və xurma ilə qatıb küp halına gətirib konfet əldə edərdilər. Konfet sözü latınca “Confectum” sözündən gəlir ,yəni bişmiş iksir və ya kiçik plitə, yastı həb, kiçik şar və.s. Sənaye inqilabından əvvəl konfet tez-tez həzm sistemini sakitləşdirmək və ya boğaz ağrısı üçün istifadə edilən dərman növü hesab olunurdu. Orta əsrlərdə konfet əvvəlcə yalnız ən varlıların masalarında görünürdü. O dövrdə, həzm problemlərinə köməkçi olaraq istifadə edilən ədviyyat və şəkərin birləşməsi kimi başladı. Konfetlər 19-cu əsrdən bu günümüzə qədər geniş çeşidləri ilə yayılmağa başladı”.


Sonda isə gəldiyimiz nəticə odur ki, qidadan həzz almaq başqa, faydalanmaq isə tamam başqa şeydir. Dadlı qida faydasız, hətta, zərərli də ola bilər. Buna görə də, sağlam qalmaq üçün elə tərkibini bildiyimiz məhsullardan qidalanmaq daha yaxşı olar.



REKLAM