Çin ÜST-ü koronavirus araşdırmasına dəvət etmədi
Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) koronavirusun mənşəyinin araşdırılması istiqamətində aparılan tədqiqatlara dəvət etməkdən imtina edib.
Sehiyye.info xəbər verir ki, bu barədə ÜST-ün ÇXR-dəki nümayəndəsi Qauden Qalea “Sky News”a məlumat verib.
“Müəyyən yerli araşdırma aparıldığını bilirik” - deyə o əlavə edib.
Daha sonra o, bu mərhələdə təşkilatın mütəxəssislərinin dəvət olunmadığını, buna baxmayaraq, Çin Dövlət Səhiyyə Komitəsi və səlahiyyətlilərinə sorğuların davam etdirildiyini açıqlayıb.
“Bütün mövcud məlumatları nəzərə alsaq, ÜST virusun heyvan mənşəli olduğuna və insanlar tərəfindən yaradılmadığına əmindir”, - deyə Qauden Qalea vurğulayıb.
Eyni zamanda Qalea təşkilatın mütəxəssislərinin Uhandakı laboratoriyaya girmə imkanı olmadığını açıqlayıb. ÜST rəsmisi Çinin ilk andan etibarən təşkilatı tamamilə məlumatlandırmaması məsələsini də diqqətə çatdırıb. Nümunə olaraq onu milas göstərib ki, yanvarın 3-dən 16-dək Uhanda yeni tip koronavirusun yayılma arealı genişləndiyi zaman Çin hakimiyyəti sadəcə 41 yoluxma halının olduğunu açıqlamışdı.
Aprelin ortalarında Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian COVID-19-un süni yaradılma versiyasının heç bir fakta söykənmədiyini söyləmişdi. Beləliklə, o, “Fox News” kanalının ilk koronavirus xəstəsinin Uhandakı laboratoriya işçisi olduğu iddialarını təkzib edib.