“Palatalar boşalır, bu, biz həkimləri çox sevindirir” – Koronaviruslu xəstələri sağaldan azərbaycanlı həkim…
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi ölkədə koronavirusla bağlı durumu əks etdirən gündəlik statistika son günlər hər birimizi sevindirir. Aprelin 15-i üçün olan məlumata görə, 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu müsbət dinamika, təbii ki, həkimləri daha çox sevindirir. Sıravi vətəndaş üçün statistik rəqəmlərdəki bu müsbət dinamika sərt karantin tədbirlərinin bitməsini yaxınlaşdırırsa, həkimlər üçün sanki müharibənin bitməsi və onların cəbhədən qayıtması deməkdir.
Sehiyye.info xəbər verir ki,Qazet.az-ın müsahibi infeksionist həkim, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının assistenti, tibb elmləri namizədi Samir Məmmədovdur. Hazırda o, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan növbətçi briqadanın tərkibinə daxildir.
Həkimin ilk sözləri bu oldu: “Dövlətimizin bu məsələ ilə bağlı çox operativ, qabaqlayıcı tədbirləri məndə qürur hissi doğurur. Əlbəttə, hələ də karantinin sərt tələblərinə riayət etmək istəməyənlər də var, amma bu məsəldə zaraft olmaz. Bu qabaqlayıcı tədbirlər çox zamanında həyata keçirilmişdir və vacib idi. Bugünkü statistika bir daha bunu sübut edir. İtaliyadakı faciəyə baxın, karantinə riayət etməyəndə bu hallarla rastlaşırsan”.
“Bəs bu virus nə zaman yox olacaq?” sualına isə S.Məmmədov belə cavab verdi ki, virus özü-özünə yox olmayacaq, ona qarşı peyvəndin mövcud olması vacibdir: “Nə qədər ki, peyvənd tapılmayıb, virus qalacaq. Karantinin vacibliyi ondadır ki, infeksiyanın ötürülməsinin qarşısnı alır, xəstəliyə yoluxanların sayı çoxalmır, bu, tibb müəssisələrini çətin duruma sala bilər. Əsas virusun ötürülmə zəncirini qırmaqdır, ona görə peyvənd tapılana qədər bəzi tədbirləin davam etdirlməsi vacibdir – məktəblər də fəaliyyətini bərpa edə bilər, normal həyata qayıtmaq olar, lakin vətəndaşlar yenə də şəxsi gigiyena qaydalarına riayət etməli, qoruyucu vasitələrdən istifadə etməli, dezinfeksiya tədbirləri davam etdirilməlidir”.
Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkim ümumiyyətlə ölkədə xəstəliyi ağır keçirən şəxslərin az olduğunu qeyd edir. Onun sözlərinə görə, xəstəliyi simptomsuz keçirən şəxslər daha çoxdur. Xəstələrin daha çox hansı yaş qrupundan olduğuna gəldikdə isə S.Məmmədov onların 45-50 və yuxarı yaşlı şəxslər olduğunu qeyd etdi.
Koronavirusla mübarizə aparan həkim müsahibəsini nikbin notlarla bitirdi: “Artıq neçə gündür ki, ölkədə koronavirusa yoluxanların sayında azalma müşahidə edilir, sağalaraq xəstəxananı tərk edənlərin sayı isə artmaqdadır. Xəstələrin evə buraxılması isə belə aparılır – öncə müalicə almış şəxsdən koronavirusla bağlı test götürülür. Testin cavabının alınması təxminən 1 sutkadan bir qədər çox vaxt tələb edir. Testin cavabının mənfi çıxması, yəni koronavirusun olmadığını göstərməsi hələ heçnə demək deyil. Bundan sonra daha dəqiq nəticə üçün bir daha test götürülür və təkrar mənfi nəticə alınarsa, xəstə evə buraxılır.
Hələ bir müddət öncə bizim klinikada 140-a yaxın koronaviruslu xəstə var idi və onların yerləşdirilməsi üçün 6 mərtəbə ayrılmışdı. Artıq günbəgün onların sayı azalır, palatalar boşalır. Boşalmış palatalar, biz həkimləri çox sevindirir”.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.