sehiyye.info

Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir

Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

Bir çox dünya virusoloqlarının fikrincə, koronavirsdan qorunmağın yolu yoxdur. Yəni böyük mənada hamı bu xəstəliyə tutulub immunitet qazanmalıdır.


"Nə qədər çox insan xəstələnib sağalsa, bir o qədər yeni halların sayı azalacaq"

Rusiyalı mikrobioloq Aleksey Potexinin fikrincə, koronavirus öz-özünə yoxa çıxa bilməz, onu karantinlə məhv etmək olmaz, müalicə üçün dərmanı yoxdur və tezliklə vaksinin də yaranacağına ümid edə bilmərik. "Yəqin yaya yaxın dövrdə vaksin yaranacaq, tam əminliklə payızda onu tətbiq etmək olacaq. Sınaq müddəti bunu tələb edir. Bu dövrə qədər planetin böyük hissəsi artıq xəstəliyə tutulub kollektiv immunitet qazanacaq. Nə qədər çox insan xəstələnib sağalsa, bir o qədər yeni halların sayı azalacaq. Xəstəlik tədricən geri çəkiləcək. Yenidən xəstəliyə tutulma şayiələrinə inanmayın: koronavirusa qarşı immunitet mütləq yaranmalıdır", - deyə rusiyalı alim mətbuata müsahibəsində bildirib.

Koronavirus məsələsində iki yol var: ya xəstələnib immunitet qazanmalıyıq, ya da payıza kimi gizlənib vaksin yolu ilə xəstəliyi keçirməliyik. Başqa cür ola bilməz. Koronavirus qorxu xəstəliyidir. İnsan var onu ayaqüstü, xəbəri belə olmadan adi qrip formasında keçirir, adam da var bir neçə günə dünyasını dəyişir. Ciddi xroniki xəstəliyi olan insanlara heç vaksin də vurmaq çətin olacaq. Adi qaydada tutulsa, mütləq öləcək, vaksin də vurulsa, xəstəliyi ya yüngülcə keçirəcək, ya da yenə dünyasını dəyişə bilər.


Bəşəriyyət hər dəfə yeni xəstəliyə qarşı immunitet qazanır

İstər təbii, istət laboratoriya şəraitində hazırlanmış, istərsə də mutasiyaya uğramış virus formaları hər il milyonlarla insanın ölümünə səbəb olur. Amma bəşəriyyət hər dəfə yeni xəstəliyə qarşı immunitet qazanır. Pandemiya halında bir axınla gələn heç bir xəstəlik insan artımına ciddi təsir edə bilməyib. Götürək, elə məşhur "ispan qripi"ni və onun yayıldığı dövrü.

I Dünya Müharibəsinin bitdiyi dövrdə, yəni 1918-ci ildə yayılmağa başlayıb. Yaya qədər aktivliyi azalıb, demək olar yoxa çıxıb. Payızda yenə də aktivləşib, müharibə meydanından geri dönən əsgərlər "ispan qripi"ni dünyanın hər yerinə yayıblar. Kompüter texnologiyası olmadığına görə, statistik məlumatın dəqiqliyinə elə də inanmaq olmaz. Hər halda dünyada 500 milyon bu qripə yoluxub, onlardan rəsmi və qeyri-rəsmi məlumata görə, 25-100 milyon insan ölüb. Yəni ən pis ssenaridə hər xəstələnən 5 insandan biri dünyasını dəyişib. Qalan insanlar isə xəstələnməsələr belə, immunitet qazanıblar. Bu gün biz həmin o dəhşətli qripi asanlıqla keçiririk. Yəni 3-5 gün qızdırmamız olur, sonra işimizə davam edirik.


Azərbaycanda hər iki-üz evdən birində yas məclisi qurulubmuş

Əgər "Vikipediya"dakı digər statistik məlumata nəzər yetirsək, maraqlı qənaətə gəlmək olar. Yer kürəsində 1913-cü ildə əhalinin sayı 1 791 091 000 nəfər olub. Artıq müharibə bitdikdən, "ispan qripi" geri çəkildikdən sonra 1920-ci ildə əhalinin sayı 1 860 000 000 nəfər olub. Yəni bu qədər müharibə meydanında ölüm, qrip, vəba, yatalaq kimi xəstəliklərdən dünyasını dəyişənlərin olması belə artımı dayandırmayıb. Planetin əhalisi 67 milyon nəfər çoxalıb.

Başqa bir pandemiyanı da yada salmaq yerinə düşərdi. 1957 və 1959-ci illərdə hər yeri bürümüş Asiya qripinə SSRİ məkanında 21 milyon insan yoluxub. Yəni hazırda 1 milyona dünya üzrə çatmış koronavirusdan 21 dəfə çox. Yaşlı insanlar 1959-cu ilin qripini yaxşı xatırlayırlar. Deyirlər, qrip Azərbaycanın hər yerini bürümüşdü. Bir çoxu da xəstəliyi keçirib həyata davam edirmiş. Amma hər iki-üç evdən birində yas məclisi qurulubmuş. Yəni qrip kifayət qədər insanı həyatdan aparıb. Tibbin də səviyyəsi indiki qədər deyildi, informasiyanın ötürülməsi də indiki sürətlə baş vermirdi. Ölən ölürdü, qalan da qalırdı. Yaşamağa davam edənlər isə immunitet qazanırdılar.


İmmunitet qazanmasaq, elə siçan kimi yuvamızda gizlənməyə məhkum olacağıq

Koronavirus qorxusunun yaranmasının əsas səbəbi elə media mühitinin genişlənməsinə bağlıdır. Dəqiqəbaşı yayılan xəbərlər mənzərəni daha da dəhşətli göstərir. İstəsək də, istəməsək də sağalmağın yolu elə xəstələnməkdən keçəcək. İmmunitet qazanmasaq, elə siçan kimi yuvamızda gizlənməyə məhkum olacağıq. Burnu axa-axa immunitet qazanan kiçik uşaqlar kimi bəşəriyyət də bu sağlamlığı qazanmalıdır. Sağalmağı mümkün olmayan xəstələr ölməli, digərləri isə yaşamağa davam etməli olacaqlar.

Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım almaq imkanı qazanır. Yəni, xəstəlik tədricən yayılıb yoxa çıxır. Vaksin də yaradılsa, xeyli insana xəstəliyi asanlıqla keçirmək imkanı yaranacaq.

Sənaye istehsalının azalması nəticəsində də təbiət bir qədər istirahət qazanacaq. Aprelin sonuna qədər xəstəliyin piki ötən kimi tədricən bütün ölkələrdə karantin rejiminin şərtləri yumşaldılacaq. Amma mütləq xəstələnməliyik, çünki bunsuz sağala bilmərik.
Sputnik



REKLAM