BMT Nyu-Yorkun tibb müəssisələrinə 250 min maska yardım edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Nyu-York merinə 250 min maska verib. Yardım şəhərin tibb müəssisələri arasında bölüşdürüləcək. Təşkilatın baş katibi Antonio Quterreş bu addımın nyu-yorklu tibb işçiləri ilə həmrəylik rəmzi kimi atıldığını bildirib.
AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
ABŞ-ın ən iri meqapolisi hazırda koronavirus infeksiyasının yayılması dövrünü yaşayır: on minlərlə nyu-yorklu bu xəstəliyə yoluxub, yüzlərlə insan vəfat edib. Bir çox xəstəxanalar yoluxanların axını ilə üz-üzədir. "Birləşmiş Ştatların səfiri Kelli Kraft ilə birgə mən xəbər vermək istəyirəm ki, biz ABŞ-a 250 min qoruyucu maska verəcəyik. Bu maskalar hazırda Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mağazalarındadır", - deyə BMT-nin baş katibi bildirib.
Quterreşin sözlərinə görə, maskalar Nyu-Yorkun cəsarət və fədakarlıq nümayiş etdirən, şəhərin bütün beş rayonunda virusla yorulmadan mübarizə aparan tibb işçilərinə veriləcək. "Ümidvarıq ki, biz bu yolla talelərin xilas olunması işinə öz yardımımızı etmiş olacağıq", - deyə o vurğulayıb.
A.Quterreş Nyu-York sakinləri ilə həmrəyliyini ifadə edərək xatırladıb ki, bu tanınmış şəhər beynəlxalq paytaxt, bütün beynəlxalq birliyin görüş yeridir: burada debatlar keçirilir, ticarət sövdələşmələri müzakirə olunur və gələcək tərəqqinin bünövrəsi qoyulur.
Nyu-York koronavirus pandemiyasının episentrlərindən biridir. Baş katib deyib: "Biz bütün diplomatik birlik adından bu cüzi yardımımızın faydalı olacağına ümidvarlığımızı bildiririk". BMT nümayəndələri və ABŞ missiyası qoruyucu maskaların Nyu-Yorkun tibb müəssisələrinə çatdırılması yollarını şəhər hakimiyyət orqanları ilə müzakirə ediblər.