Ağciyər Xəstəlikləri institutunda "sabaha qalmaz" demişdilər - 89 yaşlı nənə ölümdən necə xilas edildi?
Bakıda 2 ay öncə Ağciyər Xəstəlikləri İnstitutunda 89 yaşlı nənəyə səhv diaqnoz qoyulub.
Sehiyye.info Medicina.aza istinadən xəbər verir ki, qadın ağır pnevmoniya şübhəsi ilə xəstəxanaya çatdırılıb. Hadisənin əsas iştirakçılarından olan baş redaktor Elçin Zahiroğlu açıqlamasında nənənin yanlış diaqnozdan son anda qurtulduğunu açıqlayıb.
"Nənə ötən ilin dekabrında pnevmaniya diaqnozu ilə Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilmişdi. Şərait pis olduğundan onu daha yaxşı xəstəxanaya aparmaq qərarı verildi. Ölkənin ən müasir, böyük klinikalarından birinin rəhbəriylə danışdım. Həkim briqadası ilə xəstəni ora apardıq. Amma müayinə etdikdən sonra fikir dəyişdi: "Əziyyət verməyə dəyməz, kəskin pnevmaniyadır, buna qarşı vurulmalı olan antibiotiklər böyrəklərini dərhal sıradan çıxaracaq”.
Elçin Zahiroğlu qeyd edib ki, həkimlərin rəyindən sonra nənənin bütün qohumları onunla vidalaşmaq üçün Ağciyər Xəstəlikləri İnstitutuna gəlib:
"Həkimlər dedilər ki, "səhərə çıxmaz”. Bu sözdən sonra aləm bir-birinə dəydi. Naxçıvana toya gedən oğlu və digər ailə üzvləri gecəylə Bakıya qayıtdılar, qohum toyu təxirə düşdü. Səhərə kimi nəvələr, nəticələr adamın ayaq basmağa iyrəndiyi Ağciyər Xəstəlikləri İnstitutuna nənəylə vidalaşmağa gəldilər. Səhər açıldı, amma nənə ölmədi. Bir az ümid yarandı və başqa həkimlər axtarmağa başladıq. Tanıdığımız bir cərrah var, təklif elədi ki, xəstəni onun işlədiyi DTX-nın hospitalına aparaq. Orada təkrar müayinə olundu. Həkim dedi ki, nənə pnevmaniya deyil, diaqnoz səhv qoyulub. Cəmi 3 gündən sonra nənə evə buraxıldı. Dünən nəvəsinin toyunda gördüm, yallı gedirdi... Nəticəsinin toyuna hazırlaşır”.
Qeyd edək ki, ötən il ərzində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) təkcə 2019-cu ilin yanvar ayı ərzində institutda 6 ölüm hadisəsi baş verib. Amma cari ilin yanvar ayı ərzində isə bu tibb müəssisəsində 19 ölüm faktı qeydə alınıb.