sehiyye.info

Psoriaz irsi xəstəlikdir, yoluxucu və keçirici deyil

Psoriaz irsi xəstəlikdir, yoluxucu və keçirici deyil
Dəri xəstəliklərindən biri olan pullu dəmirov, yəni psoriaz irsi xəstəlikdir, yoluxucu və keçirici deyil. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış papulalar və ya düyüncüklər qeydə alınır. Həmin papulalar əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır. Xəstəliyin pullu dəmirov adlandırılmasının səbəbi xəstə paltar dəyişəndə, duş qəbul edəndə həmin qabarmış düyüncüklərin kəpəklənməsidir. Bu günə kimi xəstəliyin etiologiyası, səbəbi, patogenezi və gedişatı tam öyrənilməyib. Xəstəlik residiv, yəni kəskinləşmə və remissiya – fasilə mərhələlərindən ibarətdir. Xəstəliyi sabit, remissiya mərhələsində saxlamaq mümkün olsa da, onun tam sağaldılması hələ ki, mümkün deyil. Yetkinlik dövründə olan oğlan və qızlarda hormonal dəyişikliklərlə bağlı xəstəlik tam sağala və ya kəskinləşə bilər. Bu da xəstənin müalicəyə yanaşmasından, ildə iki dəfə həkim müayinəsindən keçməsindən və zəruri müalicələri etməsindən asılıdır. Pullu dəmirov hədəf olaraq özünə daxili orqanlardan birini, əksər hallarda qaraciyəri seçir. Bu xəstəliyin Azərbaycanda yayılmasının səbəbi qohumlar asında nikahlardır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.

Həkim-dermatonevroloq bildirib ki, dərimizin hüceyrələri əmələ gələndən ölənə qədər öz tsiklini yaşayır. 28-30 gün ərzində bu proses pullu dəmirov üçün səciyyəvi olan nahiyələrdə - oynaqlarda, başın tüklü hissəsində və s. sürətlənir, hüceyrənin əmələ gəlməsi ilə ölümü arasındakı zaman qısalır. Nəticədə pullu dəmirovun əmələ gəlməsi üçün şərait yaranır.

Hazırda bəzi ölkələrdə psoriazın müalicəsində bioloji preparatlar tətbiq olunur. Lakin Azərbaycanda onların müalicə üçün təyinatı qadağandır. Çünki həmin preparatların orqanizmə olan uzunmüddətli əks-təsiri hələ öyrənilməyib. Bununla yanaşı, həmin preparatlar asılılıq yaradırlar.

Azərbaycanda bu xəstəliyin müalicəsində yağlı vitaminlərdən, geprotoprotektorlardan, sinir sistemini stabilləşdirən preparatlardan istifadə olunur. Xəstələrin düzgün qidalanmasının təşviqi və mədə-bağırsaq sisteminin normal fəaliyyətinin tənzimlənməsi üçün işlər görülür. Ağır hallarda isə hormonal terapiya və preparatlardan istifadə olunur.

“Heç bir irsi xəstəlik təkansız üzə çıxmır. Xəstəliyin ilkin mərhələlərində xəstə həkimə müraciət edərsə, onu lokallaşdırmaq mümkündür. Əks halda xəstəlik irəliləyə və ağır formaya keçə bilər. Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir. Pullu dəmirov xərçəngə çevrilmir, xoşxassəli prosesdir, ölümlə nəticələnmir. Lakin sümük-oynaq sisteminə mənfi təsir edə, əlilliyə səbəb ola bilər. Psoriazda xarici müalicədən daha çox daxili müalicə önəmlidir. Bəzən xəstələr türkəçarələrdən, televiziya kanallarında, internet saytlarında gördükləri dərmanlardan, mazlardan istifadə edirlər. Bu da nəinki müsbət nəticə vermir, əksinə psoriatik eritrodermiya kimi ağırlaşma və fəsada səbəb olur. Psoriatik eritrodermiya zamanı psoriatik ləkələr bütün bədənə, nadir hallarda ağız boşluğuna, selikli qişalara, dırnaqlara, dəri artımlarına yayılır”, - deyə S.Əhmədova qeyd edib.

Mütəxəssis bildirib ki, psoriazın irincikli və çox ağır forması olan pustulioz psoriazda orqanizm özü-özünə qarşı irin ifraz edir. Bu irin heç bir antibiotikə həssaslıq göstərmir. Pullu dəmirovun bu növünün əmələ gəlməsi orqanizmin autoimmun qüvvələrinin zəifləməsi ilə bağlıdır.

Psoriazın digər növü olan psoriatik artropatiya klinik əlamətlərə görə revmatizmaya oxşayır. Pullu dəmirovun bu növü oynaqlarda məhdudlaşma, hərəkətsizlik, oynaqların şişməsi kimi əlamətlərlə xarakterizə olunur.

Uzun müddət psoriazdan əziyyət çəkən xəstənin dərisində olan düyüncüklər birdən-birə itir, dəri təmizlənir və xəstəlik oynaqları hədəf alır. Xəstələr psoriazı ağır formada, yayılmış şəkildə keçirərlərsə və sonradan papulalar yoxa çıxarsa, həkimlər birbaşa həmin düyüncüklərin yox olmasına diqqət yetirirlər. Çünki bu vəziyyət psoriazın oynaqlara zərər verəcəyinin göstəricisidir. Xəstəliklə mübarizədə dermatoloqun və ya revmatoloqun təkbaşına müalicəsi nəticəsiz qalır. Yalnız onların birgə müalicəsi müsbət nəticə verə bilər. Psoriatik artropatiya sürətli gedişata malikdir və əlilliklə nəticələnir.



REKLAM