sehiyye.info

Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin tövsiyəsi

Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin tövsiyəsi
Dekabrın 31-də Çinin Xubey əyalətinin Uxan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Yanvarın 9-da Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib.

Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Uxan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini bir sıra vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir. Bunun üçün kəskin respirator xəstəliklərindən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra əlləri mütəmadi yumaq, canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək, kəskin respirator infeksiyasının simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

Dünya Səhiyyə Təşkilatı səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.



REKLAM