sehiyye.info

Tibb bacıları tarixə qovuşur - Yerlərinə gələni həkimlə səhv salmayın

Tibb bacıları tarixə qovuşur - Yerlərinə gələni həkimlə səhv salmayın
Hələ ki bakalavr pilləsində orta tibb işçiləri hazırlığı tibb kollecləri ilə yanaşı aparılacaq. Amma tədricən tibb kolleclərində tibb bacısı üzrə mütəxəssis hazırlığı yığışdırılaraq ali təhsilli tibb işçiləri ilə əvəzlənəcək"

Növbəti tədris ilindən Azərbaycanda ali təhsilli orta tibb işçiləri hazırlanacaq. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidovun sözlərinə görə, bakalavr səviyyəsi üzrə orta tibb işçilərinin hazırlanması Azərbaycan Tibb Universitetində həyata keçiriləcək. Bu da regionlarda, eyni zamanda kəndlərdə, daha ucqar yerlərdə kadrlara ehtiyacı ödəməyə kömək edəcək.

Nabil Seyidov bidirib ki, əksər Avropa ölkələrində ictimai səhiyyə üzrə orta tibb kadrları hazırlanır: "Onlar adi orta tibb işçisindən fərqli olaraq, daha geniş bilik və bacarıqlara malikdirlər və profilaktik iş apara bilirlər. Azərbaycanda da belə kadrların hazırlanmasına ehtiyac var və artıq bu sahədə işlərə başlanılıb. Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə hazırlanacaq orta tibb kadrları da profilaktik tədbirlər apara biləcəklər".


Sputnik Azərbaycan bakalavriat səviyyəsi üzrə hazırlanacaq orta tibb işçilərinin hansı üstünlüklərinin olacağını araşdırıb.

Nabil Seyidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bakalavriat pilləsi üzrə orta tibb işçilərinin hazırlanması təsdiqlənib. O deyir ki, ali təhsilli tibb işçiləri həkim hesab edilməyəcəklər: "Bakalavr pilləsi üzrə orta tibb işçisi daha təkmil biliyə, təcrübəyə malik işçi olacaq. Tibb kollecləri tibb bacısı və tibb qardaşı hazırlayır. Amma ali təhsilli orta tibb işçiləri hətta ucqar yerlərdə həkim olmadıqda xəstəyə tibbi yardım edəcək savada malik olacaqlar.

Həkimlərin bir çox vəzifələrini daha təkmil, təlimdən keçmiş, geniş bilik və bacarıqları olan orta tibb personalı həyata keçirə bilər. Tibb kollecini bitirən məzunlar iki il də əlavə təhsil almaqla ali təhsilli tibb işçisi ixtisasına yiyələnə bilərlər".

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a bildirib ki, bakalavr pilləsində orta tibb işçilərinin hazırlanması barədə onlarda məlumat yoxdur:

"Hər hansı ixtisas üzrə mütəxəssis hazırlığının aparılması və yeni ixtisasın açılması bizim səlahiyyətimizdə deyil. Bu barədə təklifi təhsil müəssisələri özləri verir. Təhsil Nazirliyinə müraciət edirlər ki, təhsil müəssisəsində hansısa yeni ixtisasın açılmasına zərurət var. Nazirlik bu məsələyə baxır, aidiyyatı qurumlar bunun əmək bazarı və maliyyə tərəflərini araşdırır. Bundan sonra Nazirlər Kabineti tərəfindən həmin ixtisasın açılması, yer sayı müəyyənləşir. Bizim işimiz isə bu barədə "Abituriyent 4" jurnalında məlumat dərc etmək, həmin ixtisasa qəbul planı və təhsil haqqı məbləğini işıqlandıraraq abituriyentlərə məlumat verməkdir".
Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov Sputnik Azərbaycan-a bildirib ki, növbəti tədris ilindən Azərbaycanda ali təhsilli orta tibb işçiləri hazırlanacaq. Onun sözlərinə görə, abituriyentlər 4-cü qrupu seçməklə bu ixtisasa qəbul ola biləcəklər: "Ali təhsilli orta tibb işçilərinin hazırlanması praktikası dünyada geniş yayılıb. Hətta dünyanın bir sıra ölkələrində məhz bakalavr pilləsində təhsil almış orta tibb işçiləri fəaliyyət göstərirlər.

İmtahanların “pulsuz” olması təklifinə rəsmi cavab verildi>>

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kollec təhsili almış tibb bacıları da ixtisaslarını artırmaq üçün bakalavr pilləsi üzrə tibb işçisi ola bilərlər. Bununla yanaşı, abituriyentlər buraxılış imtahanlarında bakalavr pilləsində orta tibb işçisi təhsilinə yiyələnə bilərlər. Bunun üçün onlar dörd il Azərbaycan Tibb Universitetində bakalavr pilləsində təhsil almalıdırlar".

S.Cavadov deyir ki, ali təhsilli orta tibb işçilərinin hazırlanması günün tələbidir. Şöbə müdiri bildirir ki, bakalavr pilləsi üzrə orta tibb işçisi ixtisasında təhsil alanlar gələcəkdə tibb müəssisələrində baş tibb bacısı vəzifəsində çalışa bilərlər:

"Kollec məzunu olan tibb bacıları ilə müqayisədə, bakalavr səviyyəsi üzrə orta tibb işçisi təhsilinə yiyələnənlər özləri tibb bacılarını yetişdirmək bacarığına malik olurlar. Onları həkimlə səhv salmaq olmaz! Ali təhsilli orta tibb işçiləri həkimin təyinatını davam etdirirlər".
S.Cavadov deyir ki, hələ ki bakalavr pilləsində orta tibb işçiləri hazırlığı tibb kollecləri ilə yanaşı aparılacaq. Amma tədricən tibb kolleclərində tibb bacısı üzrə mütəxəssis hazırlığı yığışdırılaraq ali təhsilli tibb işçiləri ilə əvəzlənəcək: "Bu, günümüzün tələbidir. Hər bir tibb müəssisəsi daha savadlı və daha yüksək bilik-bacarığa malik kadrlara üstünlük verəcək. Amma hazırda bu iş ikitərəfli aparılacaq. Ehtiyacı ödəyəcək sayda bakalavr pilləsi üzrə orta tibb işçisi hazırlandıqdan sonra kolleclərdə tibb bacısı hazırlığı tədricən bakalavr pilləsi ilə əvəzlənəcək".




REKLAM