sehiyye.info

Azərbaycana qrip virusu təhlükəsi- karantin postları təklifi

Azərbaycana qrip virusu təhlükəsi- karantin postları təklifi
Həkim: “Karantin postları qurulmalı, Gürcüstandan gələn şəxslər mütləq yoxlanmalıdır”



Son iki həftədə Gürcüstanda qrip virusunun əsasən 3 növünün yayılması müşahidə olunub. Bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze dekabrın 18-də keçirdiyi mətbuat konfransında bildirib. P.İmnadze qeyd edib ki, hazırda ölkədə qrip virusunun daha 3 növü müşahidə olunur. Bunlar B, H3 və H1 viruslarıdır. Bununla belə, insanlar arasında daha tez yayılan rinovirus, resperator və enterovirus növləri əsas virus olaraq qalmaqdadır. “İstənilən virus ağır nəticələr verə bilər. Artıq ikinci həftədir ki, qrip virusundan xəstələnənlərin sayı artır. İnsanlar özlərini qorumalı və vaxtında həkimə müraciət etməlidirlər”, - deyə P.İmnadze vurğulayıb.



Hər il qış aylarında bu virusların dünyada yayılması ilə bağlı xəbərlərə rast gəlirik. Azərbaycanda qeyd edilən viruslarla bağlı ölüm halları rəsmi şəkildə açıqlanmayıb. Azərbaycanlılar Gürcüstana tez-tez gedib-gəlirlər. Xüsusilə də Yeni il ərəfəsində ölkəmizdən Gürcüstana üz tutanların sayı artır. Bəs belə olan halda bu virus Azərbaycanda da yayıla bilərmi?



Rəsmi məlumatlara görə, Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində - vağzallarda, “Azərbaycan Hava Yolları”nda (AZAL) ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən “Termovizor” aparatı vasitəsilə nəzarət edilir.



Azərbaycana qrip virusu təhlükəsi- ile ilgili görsel sonucu



Gömrük Komitəsi də açıqlamasında bildirib ki, əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır: “Bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simptomlarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir”.



Azərbaycana qrip virusu təhlükəsi- ile ilgili görsel sonucu



“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirib ki, qış aylarında bu kimi virus infeksiyası tüğyan edir. Həkim bunun səbəblərini aşağıdakı kimi açıqlayıb: “İlk səbəb odur ki, yay aylarında insanlar açıq yerlərdə çox olduqları halda, qışda qapalı yerlərə üstünlük verirlər. Buna görə də virus infeksiyası çox sürətlə yayılır. Məsələn, virus daşıyıcısı olan insan hansısa böyük bir ticarət mərkəzinə girir və bir dəfə asqırır. Bununla da ətrafda nə qədər adama virus yayır. Ona görə də Gürcüstan və digər ölkələrdə məhz qış aylarında bu cür xəbərləri eşidirik. Konkret olaraq Gürcüstanda hazırda yayılan viruslar soyuğa davamlı viruslardır. Əgər onlar istiyə də davamlı olsaydı, o zaman dünyada ölənlərin sayı yüz minlərlə olardı. Çünki bu viruslar kifayət qədər təhlükəlidir. Soyuqda virusların yaşama və yayılma şansı daha yüksək olur. Azərbaycanda ciddi təbliğatlar aparılmalı, karantin postları qurulmalıdır. Gürcüstandan gələn şəxslər mütləq yoxlanmalıdırlar. Xüsusilə də qızdırması olan, özünü narahat hiss edən adamlar yoxlanmalıdır. Hesab edirəm ki, Gürcüstandan gələn adamların bu ərəfədə hər birini yoxlamaq gərəkdir. Heç o adamda qızdırma olmasa belə, müayinə şərtdir. Çünki ola bilər ki, həmin adamın bədənində ilk günlər qızdırma, halsızlıq olmasın və bir gün sonra bunlar baş versin. Ona görə də insanlar özləri də diqqətli və müayinəyə maraqlı olmalıdırlar”.



Azərbaycana qrip virusu təhlükəsi- ile ilgili görsel sonucu



Mehdiyev söyləyib ki, Azərbaycanda sözügedən virus infeksiyasının yayılmasının hansı səviyyədə olduğu bilinmir:



“Çünki bu barədə rəsmi açıqlama verilmir. İnsan qızdırmadan ölür, ancaq açıqlanmır ki, bu adam hansı virusdan ölür. Bəzən diaqnozu da səhv qoyurlar. Heç kim düşünmür ki, nə qədər açıq olarsa, o qədər yaxşı olar. Çünki insanlar bilər ki, bu virus yayılır və özlərini qoruyarlar. Qabaqlayıcı tədbirlər görülməlidir. Bu ərəfədə insanlar çiy qidalardan imtina etməli, ictimai yerlərdə qoruyucu maskalar taxmalıdırlar. Əsas da bütün qidaları bişmiş şəkildə istifadə etmək daha məqsədəuyğundur. Həqiqi mənada hər kəs maskalanmalıdır. Bundan əlavə də kiçik nasazlıq belə hiss edən zaman yoxlanmaq lazımdır. Kiminsə evində viruslu xəstə varsa, onu dərhal müayinəyə aparmaq lazımdır. Çünki bu, sonra da təhlükəli fəsadlar verə bilər. Əgər qonşu Gürcüstanda belə bir virus yayılıbsa, bizə də keçmə ehtimalı böyükdür”.



REKLAM