Beyin qanaması olan xəstə üzərində uğurlu əməliyyat aparılıb
Ani, şiddətli baş ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə 55 yaşlı qadın müraciət edib. Onun baş-beyin tomoqrafiyasında sağ tərəfdə beyin ilə beyin qişası arasında kəskin qanama aşkar edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, adətən belə qanamaların səbəbi kəllə-beyin travması olur. Lakin xəstə heç bir travma almayıb, yanaşı xəstəliyi olmayıb və qanı duruldan dərmanlardan istifadə etməyib.
Xəstədə olan beyin qanaması olduqca ciddi olduğuna görə hərtərəfli müayinə aparılıb. Belə vəziyyətdə xəstənin yaxınlarının mövcud vəziyyəti adekvat qiymətləndirməsi və təcili olaraq əməliyyat aparılmasına qərar verməsi çox vacibdir.
Neyrocərrah Azər Əkbərovun apardığı əməliyyat nəticəsində qanama xaric edilib və ona səbəb olan kiçik arteriya tapılaraq yandırılıb. Əməliyyatdan sonra xəstə terapevt tərəfindən yoxlanılıb və heç bir yanaşı xəstəlik aşkar edilmədiyindən beş gün sonra tam normal vəziyyətdə evə yazılıb.