Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı
Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir.
Sehiyye.infonun məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur:
“Dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyata alınıb. Son illərdə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb.
Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir”.
Araz Manuçəri bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər:
“Psixotrop dərmanlar apteklərdə üç möhürlü respetlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən həmin dərmanlar “qara bazar”a çıxarılıb. Məktəblərdə bu tipli psixotrop dərmanlardan istifadə edirlər.
“Qara bazar”da haradansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Həmin dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir”.Oxu.az