sehiyye.info

Aorta və qalça arteriyaları anevrizmalarından əziyyət çəkən xəstə müasir endovaskulyar üsul ilə əməliyyat olunub

Aorta və qalça arteriyaları anevrizmalarından əziyyət çəkən xəstə müasir endovaskulyar üsul ilə əməliyyat olunub
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən və aorta və qalça arteriyaları anevrizmaları diaqnozu qoyulan xəstə əməliyyat edilib. Əməliyyat uğurla başa çatdırılıb və xəstə üç gündən sonra evə yazılıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, qarnında döyüntüsünü hiss etdiyi şiş və ağrı səbəbi ilə müraciət edən 64 yaşlı kişi pasiyentə müayinə nəticəsində yırtılma və ölümcül qanama riski yüksək, ölçüsü 60 millimetrdən böyük aorta və qalça arteriyaları anevrizmaları diaqnozu qoyulub. Xəstə üzərində əməliyyat RMDM-də ən müasir avadanlıqlarla təmin olunmuş unikal hibrid salonunda diaqnostik və invaziv radioloq və endovaskulyar cərrah, professor Əhməd Məmişin başçılığı ilə aparılıb. Cərrahi müdaxilə zamanı qarın boşluğu açılmadan, qasıq arteriyasından girilərək anevrizmalar içərisinə tək giriş ilə yerləşdirilən stent-qraft vasitəsilə anevrizmalar tam bağlanıb. Bədəndəki ən böyük arteriyalar olan aorta və qalça arteriyalarının divar sağlamlığının tam bərpa edilməsi mümkün olub. Pasiyent əməliyyatın səhəri günü ayağa qaldırılıb və üç gün sonra evə yola salınıb.

Aorta anevrizması hazırda müasir endovaskulyar əməliyyat texnikası ilə, qarın və ya döş boşluqları böyük kəsiklərlə açılmadan, sadəcə kiçik kəsik arteriyası girişi sayəsində, salvar və ya tub stent-qraft yerləşdirilməsi üsulu vasitəsilə minimal invaziv olaraq “xəstə bədəninə ən az ziyan vermək” prinsipi ilə müalicə oluna bilir.

Azərbaycanda bu əməliyyatları ilk həyata keçirən professor Əhməd Məmiş və komandası qan-damar sisteminin bütün bədəndə ayrı bir orqan sistemi olaraq qəbul edilməsinin çox önəmli olduğunu bildirib.



REKLAM